ELM VƏ TƏHSİL
Rusiya Xalqlar Dostluğu Universiteti Bakıda rus məktəblərinin müəllimləri üçün ixtisasartırma kursları keçirəcək
Bakı, 15 sentyabr, AZƏRTAC
Rusiya Xalqlar Dostluğu Universiteti sentyabrın 18-dən 20-dək rus məktəblərinin rus dili müəllimləri üçün ixtisasartırma kursları keçirəcək.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 18-19-da kursların müdavimləri Moskvadan gəlmiş mühazirəçilərlə görüşəcəklər.
Kursların proqramında metodik tövsiyələr, ustad dərsləri, mühazirə-diskussiya və mühazirə-təqdimatlar nəzərdə tutulur. Məşğələlərdə Rusiyada müəllimlərin peşəkar fəaliyyətində tətbiq olunan innovasiyalı kreativ metodikalar təqdim olunacaq.
Kursların dinləyiciləri tədrisin aktual məsələləri barədə dolğun təsəvvür əldə edə biləcəklər. Bu kursların fərqləndirici xüsusiyyəti nitq fəaliyyətinin səmərəli və reseptiv növlərinin öyrənilməsi məsələlərinə aid məşğələlərin praktiki yönümlü olmasıdır.
Sentyabrın 20-də “dəyirmi masa” formatında “XXI əsrdə rus dilinin tədrisi: ənənələr və novasiyalar” mövzusunda metodik seminar və diskussiya keçiriləcək.
Kursları bitirən dinləyicilərə ixtisasartırma haqqında sertifikatlar veriləcək. Məşğələlər hər gün saat 10.00-da Azərbaycan Dövlət Pedaqoji Universitetində başlanacaq.