CƏMİYYƏT
Rusiya bayrağı altında üzən “PALFLOT-2“ tankerində yanğının söndürülməsi davam etdirilir VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “PALFLOT-2“ tankerində sahildən təqribən 110 kilometr məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Administrasiyasının Milli Mərkəzinə “SOS” siqnalı daxil olub.
Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin” QSC-nin AZƏRTAC-a daxil olan birgə məlumatda bildirilir ki, təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb edilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin “Mİ-17-1V“ və “KA-32“ helikopterləri, “Vixr-5“ gəmisi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir.
Tankerin 11 nəfərlik heyət üzvündən 10-u xilas edilib. Bir nəfər - baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.