İQTİSADİYYAT
Rusiya bu il II Xəzər İqtisadi Forumunu keçirə biləcəyinə ümid bəsləyir
Moskva, 9 fevral, AZƏRTAC
Rusiya bu il II Xəzər İqtisadi Forumu, Peterburq Beynəlxalq İqtisadi Forumu və Şərq İqtisadi Forumu kimi mühüm beynəlxalq tədbirləri keçirə biləcəyinə ümid bəsləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS agentliyinə müsahibəsində deyib.
A.Pankin ümidvar olduğunu bildirib ki, dünyada sanitar-epidemioloji vəziyyət bu kimi qlobal tədbirlərin təşkilinə imkan verəcək. Nazir müavininin sözlərinə görə, II Xəzər İqtisadi Forumunun Xəzəryanı dövlət başçılarının iştirakı ilə bu ilin avqustunda Moskvada keçirilməsi nəzərdə tutulub.
“OPEC+” təşkilatının son zamanlar qəbul etdiyi qərarların icrasından danışan A.Pankin qeyd edib ki, bu qərarlar pandemiya dövründə neft sahəsində çaxnaşmanın qarşısını almağa imkan verib, təşkilat çərçivəsində yaradılan neft hasilatının tənzimlənməsi mexanizmi öz səmərəliliyini göstərib. Onun sözlərinə görə, “OPEC+” ölkələri Nazirlərinin Monitorinq Komitəsinin fevralda keçirilmiş iclasında əvvəllər qəbul edilmiş qərarlar bir daha təsdiqlənib. Nazirlərin növbəti iclasının isə bu il martın 3-də keçirilməsi nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva