SİYASƏT
Rusiya bu regionda Azərbaycanı özünün ən güclü və etibarlı tərəfdaşı hesab edir
Bakı, 7 sentyabr, AZƏRTAC
Rusiya bu regionda Azərbaycanı özünün ən güclü və etibarlı tərəfdaşı hesab edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərdi. Səfər zamanı dövlət başçılarının mətbuata verdikləri bəyanatlar, ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə dair imzalanan sənədlər, iki dövlət arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir.
Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Dövlətimizin başçısının bu fikirləri çox vacib məqamları ehtiva edir. Çünki Azərbaycan ilə Rusiyanın çox mühüm ənənəvi tərəfdaşlıq əlaqələri var. Hazırda bu əlaqələr yüksələn xətlə inkişaf edir.
“Rusiya Prezidenti Vladimir Putin isə mətbuata bəyanatında iki ölkə arasında iqtisadi münasibətlər, birgə müəssisələr, Rusiya investorlarının Azərbaycana yatırdığı sərmayə, o cümlədən Rusiyada təhsil alan azərbaycanlı tələbələr barədə ətraflı fikirlər və rəqəmlər səsləndirib. Azərbaycan Prezidenti İlham Əliyev də, həmçinin Azərbaycan və Rusiya arasındakı iqtisadi və siyasi münasibətlərdən danışıb. Hər iki ölkə prezidentlərinin görüşləri artıq mütəmadi xarakter daşıyır. Bu görüşlər dövlətlər arasındakı əlaqələrin inkişafına çox böyük töhfə verir”, - deyə Milli Məclisin deputatı söyləyib.
Milli Məclisin deputatı söyləyib ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri, keçirdiyi görüşlər, səsləndirilən fikirlər Ermənistanda böyük narahatlıq doğurub. Məlumdur ki, Ermənistanda hazırda nəyin baş verdiyini hökumətə rəhbərlik edən insanlar da dəqiq dərk və analiz edə bilmirlər. Müəyyən hallarda köhnə hakimiyyətin səhvlərinin təkrarlanması meyilləri müşahidə olunur. Ölkədə xaotik idarəetmə mövcuddur. Bütün bunları Rusiyada da yaxşı bilir və görürlər. Onu da bilirlər ki, Cənubi Qafqazda Rusiya üçün ən etibarlı tərəfdaş Azərbaycandır.
Rusiya ilə çox güclü, tarixi əlaqələrimizin olduğunu söyləyən Şahin İsmayılov diqqətə çatdırıb ki, Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının satış bazarlarından biridir. Humanitar, iqtisadi, hərbi, energetika sahələrində əlaqələrimiz bundan sonra da davam edəcək, birgə yeni layihələr həyata keçiriləcək.