İDMAN
Rusiya gimnastı Yekaterina Seleznyova Bakıda keçirilən dünya çempionatının ilk qızıl medalını qazanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Rusiya gimnastı Yekaterina Seleznyova Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının ilk qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, rusiyalı gimnastın çempionatın fərdi proqramında halqa ilə final yarışlarındakı çıxışı hakimlər tərəfindən 23,500 xalla qiymətləndirilib.
Çempionatın gümüş medalına 23,400 xalla İsrail təmsilçisi Linoy Aşram, bürünc mükafatına isə digər rusiyalı idmançı Dina Averina (23,350 xal) sahib olub.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.
Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.