İQTİSADİYYAT
Rusiya hökuməti Azərbaycanla saziş layihəsini bəyənib
Moskva, 4 sentyabr, AZƏRTAC
Elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Azərbaycanla sazişin layihəsi Rusiya hökuməti tərəfindən bəyənilib.
AZƏRTAC RF Hökumətinin saytına istinadla xəbər verir ki, neftin, təbii qazın və elektrik enerjisinin ixracı və idxalı zamanı gömrük rüsumlarının və dövlət büdcəsinə digər yığımların hesablanmasının nizamlanması haqqında Moskva ilə Bakı arasında sazişin layihəsi bəyənilib.
Saytda dəqiqləşdirilir ki, saziş layihəsi iki ölkə arasına iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2016-cı il dekabr ayında Bakıda keçirilmiş XVI iclasının yekunlarına əsasən gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə hazırlanıb.
Məlumatda deyilir: “Saziş imzalanacağı təqdirdə onun reallaşdırılması elektrikötürücü xətlər (elektrik enerjisi) və boru kəməri (neft, təbii qaz) ilə keçirilən malların gətirilməsi və ya aparılması zamanı tutulan gömrük rüsumlarının, vergilərin və digər yığımların düzgün hesablanmasını təmin edəcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva