Rusiya idmançıları beynəlxalq yarışlara hansı şərtlə buraxıla bilər – BOK-un tövsiyələri
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) icraiyyə komitəsində Rusiya və Belarus idmançılarının 2024 və 2026-cı illərdə keçiriləcək Olimpiya Oyunlarına buraxılması məsələsi müzakirə olunmayıb. Bu mövzu münasib vaxtda müzakirəyə çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə BOK-un Prezidenti Tomas Bax icraiyyə komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, icraiyyə komitəsi Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda yalnız neytral atletlər qismində iştirakını tövsiyə edib. Bu şərtlə ki, onlar Ukraynada aparılan müharibəni ictimai şəkildə dəstəkləməyib və silahlı qüvvələrlə, yaxud milli təhlükəsizlik orqanları ilə əlaqəli deyillər. Rusiyalı və belaruslu atletlər idmanın komanda növlərində təmsil olunmamalıdır.
Bundan əlavə BOK Rusiya və Belarusun hökumət üzvlərinin beynəlxalq yarışlara buraxılmaması və hər iki ölkənin ərazisində yarışların keçirilməməsi barədə tövsiyəsini qüvvədə saxlayıb.
Xatırladaq ki, martın 28-də Lozanna şəhərində BOK icraiyyə komitəsinin üçgünlük iclası başlayıb. Birinci iş günündə Rusiya və Belarusa qarşı sanksiyaların qüvvədə saxlanılmasının mümkünlüyü, həmin ölkələrin idmançılarının beynəlxalq yarışlarda iştirakının konkret şərtləri və onlar üçün xüsusi statusun müəyyənləşdirilməsi ilə bağlı yanvarın sonlarından bəri davam edən məsləhətləşmələrə yekun vurulub.
Xəbərin mətnində orfoqrafik səhv var