İDMAN
Rusiya idmançısı kişilər arasında qoşa səngər stendi yarışının qalibi olub [YENİLƏNİB] VİDEO








































Kişilər arasında qoşa səngər stendi yarışının qalibi Rusiya idmançısı Vitali Fokeyev olub.
Qızıl medal uğrunda mübarizədə Vitali Fokeyev macarıstanlı Riçard Boqnarı 29:26 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Üçüncü yerə isə italiyalı Antonino Barilla çıxıb.
Sonra qaliblər mükafatlandırılıb.
V.Fokeyev “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. O, 2006-cı ildə keçirilən dünya çempionatında birinci yer tutub.
17:00
Kişilər arasında qoşa səngər stendi yarışının yarımfinalçıları müəyyənləşib.
On altı idmançının iştirak etdiyi yarışın təsnifat mərhələsindən yarımfinala 6 ölkə - Almaniya, Macarıstan, Rusiya, İtaliya, Böyük Britaniya və Slovakiya idmançıları yüksəliblər.
Azərbaycan bu yarışda təmsil olunmur.
13:30
Sonra qaliblər mükafatlandırılıb.
Medalları atletlərə Beynəlxalq İdman Atıcılığı Federasiyasının idarə heyətinin üzvü Kevin Kilti təqdim edib.
13:29
Qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışının qalibi İtaliya idmançısı Petra Zublasinq olub. O, qızıl medal uğrunda serbiyalı İvana Maksimoviç, fransalı Laurens Brize, isveçrəli Petra Lustenberger, almaniyalı Beate Qauss, ukraynalı Nataliya Kalnyuş, avstriyalı Olivia Hofman və böyük britaniyalı Cennifer Makintoş ilə mübarizədə rəqiblərinə qalib gəlib.
İtaliyalı atlet sonuncu dünya rekordunu yeniləyərək 464.7 xalla birinciliyi təmin edib. İdmançı, həmçinin “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
İkinci yerə fransalı Laurens Brize, üçüncü yerə isə avstriyalı Olivia Hofman çıxıblar.
12:01
Qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışının finalçıları müəyyən olunub.
Qızıl medal uğrunda italiyalı Petra Zublasinq, serbiyalı İvana Maksimoviç, fransalı Laurens Brize, isveçrəli Petra Lustenberger, almaniyalı Beate Qauss, ukraynalı Nataliya Kalnyuş, avstriyalı Olivia Hofmann və böyük britaniyalı Cennifer Makintoş mübarizə aparırlar.
Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının təsnifat mərhələsinin sərrast atəş hissəsi artıq başa çatıb.
Yarışda ölkəmizi təmsil edən İradə Aşumova bu mərhələni 17-ci yerdə başa vurub.
10:51
Artıq qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş, kişilər arasında qoşa səngər stendi yarışlarının təsnifat mərhələsi keçirilir.
Bundan başqa, qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışının təsnifat mərhələsinin sərrast atəş hissəsi də start götürüb.
Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışında ölkəmizi İradə Aşumova təmsil edir.
Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova Barselona (1998) və Lahti (2002) dünya çempionatlarının gümüş, 2004-cü il Afina Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.
Qadınlar arasında 50 metrdən üç vəziyyətdə tüfəng ilə atəş və kişilər arasında qoşa səngər stendi yarışlarında Azərbaycan təmsilçisi yoxdur.
10:03
Bakı, 19 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyunun 19-da Bakı Atıcılıq Mərkəzində "Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq yarışlarının start götürən dördüncü günündə maraqlı qarşılaşmalar gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu gün qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəşaçma, qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma, kişilər arasında qoşa səngər stendi yarışları keçiriləcək.
Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışında ölkəmizi İradə Aşumova təmsil edir.
Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova beynəlxalq yarışlarda tanınan simadır. Avropa Oyunlarının ən yaşlı iştirakçısı olan 57 yaşlı Aşumova Barselona (1998) və Lahti (2002) dünya çempionatlarının gümüş mükafatçısı, 2004-cü il Afina Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.