ELM VƏ TƏHSİL


Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə təhsil sahəsinə xüsusi diqqət ayrılır VİDEO

Bakı, 11 oktyabr, AZƏRTAC

Rusiyanın təqdim etdiyi stenddə ölkənin müxtəlif regionlarının 16 universiteti təmsil olunur. Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə təhsil sahəsinə xüsusi diqqət ayrılır. Təhsil iki ölkə arasında humanitar münasibətlərin mühüm tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakı Ekspo Mərkəzində XII Azərbaycan beynəlxalq təhsil sərgisində söyləyib.

Səfir deyib: “Rusiya həm texniki, həm də humanitar universitetlərini təqdim edir. Əlbəttə, hər iki istiqamət önəmlidir, lakin mən texniki universitetləri xüsusi qeyd etmək istərdim, çünki onlar iqtisadi əlaqələrin əsasını təşkil edir. Burada olan universitetlərin nümayəndələri azərbaycanlı tələbələrin artıq həmin ali məktəblərdə təhsil aldıqlarını vurğulayıblar. Onlar həm əyani, həm qiyabi, həm də distant təhsil alanlardır”.

Səfir 2015-ci ildə təsis edilmiş Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyətini qeyd edərək, bu qurum çərçivəsində təşkil edilən tədbirləri, Ufada keçirilən sonuncu görüşdə universitetlər arasında əməkdaşlığın müzakirə olunduğunu xatırladıb.

Mixail Boçarnikov Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşünə toxunaraq deyib: “Bu il Azərbaycan və Rusiya prezidentlərinin dörd dəfə görüşməsi olduqca əhəmiyyətlidir və ölkələr arasındakı əlaqələrdə mehriban mühitin inkişafına böyük təkan verir. Soçidə imzalanmış sənədlər əməkdaşlığımızı daha da genişləndirəcək. Hazırda Azərbaycanda Rusiyanın iki universiteti - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Habelə Azərbaycanda Rusiyanın üç universitetinin filialı açılacaq. Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetidir”.

Diplomat Bakıda keçiriləcək VI Beynəlxalq Humanitar Foruma Rusiyanın xüsusi önəm verdiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.