DÜNYA
Rusiya ilə Lüksemburq arasında vergi sazişinə dəyişikliklər gələn ildən qüvvəyə minəcək
Bakı, 18 fevral, AZƏRTAC
Rusiya ilə Lüksemburq arasında ikiqat vergitutmanın qarşısının alınmasına dair saziş 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu barədə açıqlama verən maliyyə nazirinin müavini Aleksey Sazanov Lüksembruqla imzalanmış vergi sazişinin 2021-ci ildə əvvəlki redaksiyada tətbiq ediləcəyini bildirib. Buna səbəb Lüksemburq tərəfinin ikiqat vergitutmanın qarşısının alınmasına dair sazişdə dəyişiklik edilməsi barədə protokolu ratifikasiya etməməsidir. Protokol Rusiya tərəfindən artıq ratifikasiaya edilib.
“Biz Lüksemburq tərəfin də sənədi ən yaxın vaxtlarda ratifikasiya edəcəyini gözləyirik, lakin bütün dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda denonsasiya qəbilindən olan hər hansı radikal addımın atılmasını müzakirə etmirik”, - deyə maliyyə nazirinin müavini vurğulayıb.
A.Sazanov qeyd edib ki, dəyişiklik yalnız “tranzit” yurisdiksiyalarla sazişlərdə ediləcək, digər ölkələrlə imzalanmış sazişlərə isə yenidən baxılmayacaq.