REGİONLAR
Rusiya ilə həmsərhəd rayonlara əlavə çiçək xəstəliyi əleyhinə vaksin göndərilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Dünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatına görə, Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması qeydə alınıb. Xəstəliklərin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə çiçək xəstəliyi əleyhinə 15 min doza miqdarında əlavə çiçək vaksini göndərib. Vaksinlər lazımi temperatur rejimi gözlənilməklə Quba, Qusar və Xaçmaz rayonlarına çatdırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, peyvəndləmə tədbirlərinin “soyuq zəncir” prinsipi gözlənilməklə qısa zaman kəsiyində başa çatdırılması nəzərdə tutulub. Tədbir müxtəlif səbəblərdən peyvənd edilməmiş xırdabuynuzlu heyvanlarda immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.
Həmçinin “soyuq zəncir” prinsipinə uyğun olaraq, bu rayonlarda 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri kömək etmək və tövsiyə məqsədi ilə bölgələrə ezam olunub, rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri lazımi avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.
2018-ci ilin ötən 8 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində intoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunan, itigedişli, virus mənşəli çiçək xəstəliyinə qarşı 5 milyon 879 min 359 baş davarda, həmçinin iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2 milyon 455 min 71 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı-təsərrüfat tədbirlərini davam etdirir.