REGİONLAR
Rusiya ilə həmsərhəd rayonlarda çiçək xəstəliyi əleyhinə peyvəndləmə tədbiri yekunlaşıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatından dərhal sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə çiçək xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərilib. Vaksin lazımi temperatur rejimi gözlənilməklə Quba, Qusar və Xaçmaz rayonlarına çatdırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, peyvəndləmə tədbirləri “soyuq zəncir” prinsipi gözlənilməklə sahə baytarlıq məntəqələrinə çatdırılaraq heyvanlara tətbiq edilib. Artıq bu günlərdə Rusiya Federasiyası ilə həmsərhəd olan rayonlarda çiçək xəstəliyinə qarşı aparılan peyvəndləmə tədbiri yekunlaşıb.
Qeyd edək ki, Dövlət Baytarlıq Xidməti və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli kömək göstərmək və tövsiyə məqsədi ilə bölgələrə ezam olunub, rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri lazımi avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.
Həmçinin “soyuq zəncir” prinsipinə uyğun olaraq, bu rayonlarda 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda nodulyar dermatit və dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılıb.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilati-təsərrüfat tədbirlərini davam etdirir.