İQTİSADİYYAT
Rusiya iqtisadi inkişaf naziri Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edəcək
Moskva, 23 sentyabr, AZƏRTAC
Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin sentyabrın 28-də Stavropol şəhərində keçiriləcək “İnvestisiyalar, innovasiyalar, turizm” VIII Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edəcək.
Rusiya İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, nazir M.Oreşkin forumun plenar iclasında çıxış edəcək.
RF İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masa”lar, işgüzar əlaqələr birjası keçiriləcək.
Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildən keçirilir. Ötən il Bakıda keçirilən forumda hər iki ölkəni təmsil edən 70-dən çox şirkətdən 500-dən artıq iş adamı iştirak edib, 12 ikitərəfli əməkdaşlıq sənədi imzalanıb.
Rusiya Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşıdır. Bu ölkənin Azərbaycana yatırdığı investisiyanın məbləği 3 milyard dollardan çoxdur. Cari ilin 7 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 1,1 milyard dollar təşkil edib. Rusiya regionlarının yarısından çoxu Azərbaycan ilə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə ikitərəfli sazişlər imzalayıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva