CƏMİYYƏT
Rusiya jurnalında Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi haqqında məqalə dərc edilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Rusiya Hakimlər Şurasının və Beynəlxalq Hüquqşünaslar İttifaqının “Prava çeloveka” jurnalında 1999-2012-ci illərdə Avropa İnsan Haqları Məhkəməsinin hakimi olmuş Anatoli Kovlerin Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə X.Hacıyevin peşəkar və elmi fəaliyyətinin əsas mərhələlərindən söhbət açılır. Anatoli Kovler vurğulayır ki, Xanlar Hacıyev həmişə hadisələrə öz baxışına sadiqdir və həyata nikbin münasibətini heç vaxt dəyişmir. Rusiyalı hakim yazır: “Zaman istər onun hadisələrə “əksliklərin mübarizəsi” kimi fəlsəfi baxışını, istərsə də bütövlükdə həyata nikbin münasibətini dəyişməyib. Mən həmçinin, onun müstəsna xeyirxahlığını, özündə Şərq, sovet beynəlmiləlçiliyinin və Avropa mədəniyyətinin ən yaxşı ənənələrinin cəmləşdirməsini də qeyd edərdim. Buna görə onunla ünsiyyət son dərəcə rahat və xoşdur”.
Xanlar Hacıyev peşəkar fəaliyyətinə ittifaq Ali Məhkəməsində məsləhətçi vəzifəsində başlanıb, sonra Azərbaycan Ali Məhkəməsində çalışıb, 1993-cü ildə bu orqana rəhbərlik etməyə başlayıb, daha sonra (1998-2003-cü illərdə) Azərbaycan Konstitusiya Məhkəməsinin sədri olub, 2003-cü ildə isə Avropa Məhkəməsinin Azərbaycandan olan ilk hakimi vəzifəsinə seçilib. Müəllif X.Hacıyevin peşəkar keyfiyyətlərindən bəhs edərək yazır: “Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alması, iki dəfə dissertasiya müdafiə etməsi və rəhbər vəzifələrdə işləməsi onun maddi və prosessual – mülki, cinayət, konstitusiya və beynəlxalq hüquq sahələrində çox qiymətli təcrübə və nəzəri biliklər əldə etməsinə imkan verib”.
A.Kovler Avropa Məhkəməsinin Azərbaycandan olan hakiminin işindən söhbət açaraq qeyd edir ki, məhkəmə iclaslarında onun nadir hallarda, lakin çox sərrast çıxışları həmişə yüksək peşəkarlığı ilə fərqlənirdi. O, çıxış etmək üçün yalnız o vaxt söz alırdı ki, Tolstoy demişkən, “susmaq mümkün olmayan” vəziyyət yaransın. Onun nadir xüsusi rəyləri də bu cür peşəkarlıqla fərqlənir. Rusiyalı hakim bildirir ki, “Lamber Fransaya qarşı” işində Xanlar Hacıyev faktiki olaraq zorakılıqla törədilmiş, riyakarlıqla “terapevtik müalicənin perspektivsiz olması” motivləri ilə ört-basdır edilən evtanaziyaya məhkəmə tərəfindən bəraət qazandırılmasına qarşı kəskin çıxış etmiş beş hakimdən biri olub.
İndi Xanlar Hacıyev bu məhkəmədə fəaliyyət müddətinə görə ağsaqqal sayılan hakimlərin əsas siyahısındadır. Həmkarlarının rəylərindən göründüyü kimi, o, yenə də əvvəlki kimi hədsiz təvazökar və peşəkardır, bəzi daha gənc və təcrübəsi daha az olan həmkarlarından fərqli olaraq rəhbər vəzifələrə can atmır və əvvəlki kimi xeyirxah, həssasdır.
Rusiyalı hakim Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycandan olan hakimi, “Prava çeloveka” jurnalının redaksiya şurasının üzvü və müəllifi Xanlar Hacıyevin yüksək mədəniyyətli və geniş təfəkkürlü bir alim olduğunu diqqətə çatdırır.