İDMAN


Rusiya millisi penalti seriyasında İspaniyanı məğlub edərək mundialın dörddəbir finalına adlayıb VİDEO

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının daha bir dörddəbir finalçısı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, mundialın səkkizdəbir final mərhələsi çərçivəsində Moskvadakı “Lujniki” stadionunda Rusiya və İspaniya yığma komandaları üz-üzə gəliblər.

Niderlandlı baş hakim Bjorn Kuipersin idarə etdiyi oyunun 12-ci dəqiqəsində rusiyalı futbolçu Sergey İqnaşeviç avtoqolla İspaniya millisini hesabda önə çıxarıb. Pikenin əllə oyununa görə, hakim İspaniya millisinin qapısına on bir metrlik cərimə zərbəsi təyin edib. Görüşün 41-ci dəqiqəsində Artyom Dzyuba zərbəni dəqiq vuraraq hesaba tarazlıq gətirib.

Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci hissədə komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib və matç 1:1 hesabı ilə başa çatıb.

Qalib müəyyənləşmədiyi üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda da komandalar fərqlənə bilməyiblər və qalibin kimliyi penalti seriyasında bəlli olub. Zərbələri dəqiq yerinə yetirən Rusiya millisi 4:3 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib.

Qeyd edək ki, Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov dünya çempionatları tarixində ilk dəfə dördüncü əvəzetmədən istifadə edib.

Bu oyunadək komandalar 6 dəfə üz-üzə gəliblər. Dörd dəfə qələbə qazanan İspaniya millisi, 2 dəfə meydanı heç-heçə ilə tərk edib.

Rusiya millisi dörddəbir finalda Xorvatiya-Danimarka oyununun qalibi ilə qarşılaşacaq.

Günün digər səkkizdəbir final matçı Bakı vaxtı ilə saat 22:00-da Nijni Novqorod stadionunda Xorvatiya və Danimarka milli komandaları arasında oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.