İQTİSADİYYAT


Rusiya neft hasilatına dair proqnozunu artırıb

Bakı, 25 iyul, Nihad Budaqov, AZƏRTAC

Rusiya builki neft hasilatına dair proqnozunu artırıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Nazir bildirib ki, Rusiyanın bu il üzrə neft istehsalına dair proqnozu 3,5 milyon ton artırılaraq 551 milyon tona çatdırılıb. Gələn il isə Rusiyada 555 milyon ton neft hasil edilməsi nəzərdə tutulur.

A.Novak buna səbəb kimi Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən yeni razılaşma üzrə ölkələrin istehsal kvotalarını artırmasını göstərib. O, Rusiyanın neft istehsalını pilləli şəkildə artıracağını əlavə edib: “Lakin bunlar ilkin proqnozlardır. Neft bazarında yaşanan proseslərə paralel olaraq bu miqdarlarda dəyişikliklər edilə bilər”.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Yenilənmiş razılaşma üzrə Rusiya neft hasilatını gündəlik 200 min barrel artırmağı nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.