DÜNYA
Rusiya nümayəndə heyəti turizmin bərpası imkanlarını dəyərləndirmək üçün Türkiyəyə səfər edəcək
Moskva, 18 may, AZƏRTAC
Rusiya nümayəndə heyəti iki ölkə arasında turizmin və aviareyslərin bərpası imkanlarını dəyərləndirmək üçün Türkiyəyə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova jurnalistlərə məlumat verib. O deyib ki, nümayəndə heyəti Rusiya ilə Türkiyə arasında aviasiya əlaqəsinin bərpası üçün danışıqlar aparacaq, eləcə də Türkiyənin turizm obyektlərinə baxış keçirəcək.
T.Qolikova qeyd edib ki, Türkiyə rusiyalıların ən sevimli turizm istiqamətlərindən biridir. Bununla belə, Rusiya vətəndaşlarının təhlükəsizliyinin və sağlamlığının mühafizəsi hökumət üçün prioritet məsələ olaraq qalır. İki ölkə arasında turizmin və aviareyslərin bərpası sanitar-epidemioloji vəziyyətin qiymətləndirilməsindən sonra mümkün olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva