ELM VƏ TƏHSİL
Rusiya ordusunun azərbaycanlı qoşun generalı Hüseyn xan Naxçıvanski kimdir?
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Rusiyanın Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşun generalı Hüseyn xan Naxçıvanski haqqında məqalə əsaslı şəkildə redaktə edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə Hüseyn xan Naxçıvanskinin həyatı, hərbi karyerasının başlanğıcı, rus-yapon müharibəsi və Birinci Dünya müharibəsi illərində fəaliyyəti, həmçinin hərbi rütbələri, mükafatları, ailəsi haqqında ətraflı və maraqlı məlumatlar verilib.
Qeyd edilib ki, Naxçıvan xanları ailəsinə mənsub olmuş Hüseyn xan Naxçıvanski elit süvari dəstələrinə komandanlıq edib. Hüseyn xan Naxçıvanski 1863-cü il iyulun 28-də (9 avqust) Naxçıvan şəhərində rus ordusunun kapitanı Kəlbəli xan Naxçıvanski və həyat yoldaşı Xurşidin ailəsində anadan olub. Hüseyn xanın atası Naxçıvan xanlığının son hökmdarının oğlu idi.
Hüseyn xan Naxçıvanski rus ordusunda ilk və yeganə müsəlman general-adyutant olub. Rusiyanın 15 mükafatına və 9 xarici dövlətin mükafatına, o cümlədən 3-cü və 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeninə, “İgidliyə görə” qızıl silaha layiq görülüb. Onun 1919-cu ilin yanvarında bolşeviklər tərəfindən güllələndiyi güman edilir.
Məqalə “Vikipediya”nın Azərbaycan dili bölməsində zənginləşdirilib.
Məqalə ilə qeyd olunan linkdə https://az.wikipedia.org/wiki/H%C3%BCseyn_xan_Nax%C3%A7%C4%B1vanski?fbclid=IwAR2Dv9vRC3EmK29hrNwTSxoxIg2yI3PMHHkNmJ0fD-bNd_DgCHPkcMtSKJY tanış olmaq mümkündür.