QAN YADDAŞI


Rusiya paytaxtında da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Moskva, 20 yanvar, AZƏRTAC

Artıq o dəhşətli gecədən 31 il keçir. Neçə il keçsə də, Azərbaycan xalqı o gecəni heç vaxt unutmayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 20 Yanvar faciəsi ilə əlaqədar Moskvada keçirilən tədbirdə söyləyib.

Səfir Polad Bülbüloğlu əvvəlcə 20 Yanvar gecəsi həlak olanların xatirə lövhəsinin və ümummilli lideri Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub.

Diplomat diqqətə çatdırıb ki, Azərbaycanda azadlıq hərəkatı 1988-ci ildə Topxana meşəsinin qırılmasına etiraz olaraq başlayıb və xalqımız Azadlıq meydanına tolaşaraq bu hadisəyə etirazını bildirib. Bu etiraz dalğasından qorxan sovet hakimiyyəti silahlı ordunu Bakı şəhərində dinc əhalinin üzərinə yeridib. Həmin dəhşətli günlər heç zaman unudulmayacaq. Səfir qeyd edib ki, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə hazırda səfirliyimizin yerləşdiyi binaya gələrək, ilk dəfə olaraq sovet rəhbərliyinə etirazını bildirib. “O vaxt bu addım çox böyük mərdlik və cəsarət tələb edirdi. Böyük siyasi xadim Heydər Əliyev başa düşürdü ki, 20 Yanvar faciəsinə siyasi qiymət vermək lazımdır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi ilə Heydər Əliyevin arzuları çin oldu və bu arzuları Prezident İlham Əliyev həyata keçirdi. Azərbaycanın görkəmli şəxsiyyətlərinin güllələnmiş heykəllərinin bu yaxınlarda Prezident İlham Əliyevin şəxsən iştirakı ilə Şuşaya gətirilməsi məni çox həyəcanlandırdı və duyğulandırdı”, - deyə P.Bülbüloğlu bildirib.

20 Yanvar şəhidlərinin qisasının 44 günlük Vətən müharibəsində alındığını vurğulayan P.Bülbüloğlu deyib: “Qürur hissi keçiririk ki, Azərbaycan 44 günlük müharibədə Qələbə çaldı, Qarabağ torpaqları, o cümlədən Şuşa şəhəri işğaldan azad olundu. Prezident İlham Əliyev Şuşa şəhərini mədəniyyət paytaxtı elan etdi. Şəhidlərimizin qisası alındı. Allah onlara qəni-qəni rəhmət eləsin. Qarabağ Azərbaycandır!”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.