İDMAN


Rusiya şahmatçısı iddiaçılar turnirinin qalibi olub

Bakı, 26 aprel, AZƏRTAC

Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirinin qalibi vaxtından əvvəl müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 13-cü turda ağ fiqurlarla Maksim Vaşe-Laqravla (Fransa) heç-heçə edən rusiyalı Yan Nepomnyaşi xalların sayını 8,5-ə çatdırmaqla turnirin qalibi olub. Rusiyalı şahmatçının qələbə qazanmasında onun ən yaxın izləyicisi olan Aniş Girinin (7,5 xal, Niderland) Rusiyanın digər şahmatçısı Aleksandr Qrişuka məğlub olması həlledici rol oynayıb. On dörd turdan ibarət olan turnir aprelin 27-də başa çatacaq.

Beləliklə, Rusiya təmsilçisi Yan Nepomnyaşi bu il noyabrın 24-dən dekabrın 16-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək şahmat tacı uğrunda yarışda dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində V.Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyanın paytaxtı Londonda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.