DÜNYA


Rusiya səhiyyə naziri əhalini peyvənd vurdurmağa çağırıb

Moskva, 10 iyun, AZƏRTAC

Moskvada yanvar ayından sonra ilk dəfə koronavirusa gündəlik yoluxma sayı 5 min nəfəri keçib.

AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtında bir gündə 5245 nəfərdə COVID-19 infeksiyası aşkar olunub.

Axırıncı dəfə Moskvada belə yüksək göstərici yanvarın 15-də qeydə alınmışdı. Bundan sonra xəstələrin sayında getdikcə azalma müşahidə olunurdu.

Moskva Rusiya regionları arasında koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayına görə birinci yeri tutur. Şəhərdə pandemiya dövründə 1 milyon 200 mindən çox xəstə qeydə alınıb, onlardan 20 711 nəfəri dünyasını dəyişib.

Ümumilikdə, Rusiyada epidemioloji vəziyyət pisləşib. Səhiyyə naziri Mixail Muraşko bunu əhalinin maska taxmaq, sosial məsafə saxlamaq kimi qaydalara riayət etməməsi ilə bağlayıb. Nazirin fikrincə, koronavirusa qarşı kollektiv immunitet formalaşmayanadək, hamı bu qaydalara riayət etməlidir. O vəziyyətin yaxşılaşması üçün hər kəsi peyvənd olunmağa və infeksiyadan qorunmağa çağırıb.

Qeyd edək ki, Rusiyada ötən gün 11 min 699 nəfərdə koronavirus infeksiyası aşkar olunub, 383 xəstə həyatını itirib.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.