SİYASƏT


Rusiya tarixçiləri və politoloqları Paşinyanın savadsız və faşizmə bəraət qazandıran çıxışını tənqid edirlər

Njde təxribat-terror aktları törədilməsi üçün agentura məlumatları toplayan gizli nasist agenti olub

Moskva, 12 oktyabr, AZƏRTAC

Hitler ilə əməkdaşlıq etmiş xadimə bəraət qazandırılması yolverilməzdir. Bu, mümkünsüzdür və cinayətdir. Tarixin məhkəməsi artıq öz qərarını verib: Hitler və onun havadarları cinayətkardırlar.

AZƏRTAC xəbər verir ki, Rusiya mətbuatı Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında Ermənistan baş nazirinin Qaregin Njdeyə heykəl qoyulmasına bəraət qazandıran çıxışını pisləyən materiallar yayıb. Rusiya tarixçiləri və politoloqları Ermənistan rəhbərinin savadsız və faşizmə bəraət qazandıran çıxışını tənqid atəşinə tutublar.

Rusiya Tarixi İnstitutunun baş elmi işçisi Yuri Jukovun sözlərinə görə, Hitler ilə əməkdaşlıq etmiş birinə bəraət qazandırılması yolverilməzdir. Bu, mümkünsüzdür və cinayətdir. Tarixin məhkəməsi artıq öz qərarını verib: Hitler və onun havadarları cinayətkardırlar. Ermənilər “böyük Ermənistan” konsepsiyasının həyata keçirilməsi xəstəliyinə mübtəla olublar. “Mən heç cür anlaya bilmirəm ki, Hitlerin əlaltısını necə qəhrəman elan etmək olar!” - deyə tarixçi vurğulayıb. Onun fikrincə, Ermənistanda güclənən milliyyətçilik meyillərinin sonu yaxşı qurtarmayacaq. Bu siyasət yalnız uçuruma aparır. Ermənistan BMT Baş Assambleyasında nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə səs verir, sonra isə nasizm havadarlarına heykəl qoyur.

Digər tarixçi Yuri Nikiforov bildirib ki, Njde və vermaxtın erməni legionunun digər komandiri Dro kimi tanınan Drastmat Kanayan nasistlərlə əməkdaşlıq edib, ermənilərdən ibarət hərbi birləşmə yaradıb. Bu gün Ermənistanda milliyyətçilər Njdenin Hitler ilə əməkdaşlığını vətənpərvərlik kimi qələmə verirlər. Njdeyə heykəl qoyulması ictimaiyyətin gözündə ona bəraət qazandırmaq deməkdir. İnanclı insanların dili ilə desək, bu, iblislə razılığa girməkdir. İblislə oynamaq isə mənasızdır. O, istənilən halda, aldadacaq. Rusiya cəmiyyəti Njde kimi adamlara heykəl qoyulmasının tamamilə əleyhinədir. Nasizm şərdir. Şər və ona qulluq edənlər həmişə günahkardırlar.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Paşinyanın Njdeyə bəraət qazandırmaq cəhdinə təəssüfləndiyini bildirib. O deyib: “Mən Paşinyana “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” 12 cildlik ensiklopediyanı oxumağı tövsiyə edərdim. Orada Rusiya xüsusi xidmət orqanlarının Njde ilə bağlı rəsmi rəyi yerləşdirilib. Ensiklopediyanın 6-cı cildində yazılıb: “114-cü abver qrupuna dair agentura işi əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, immiqrant, “Njde” təxəllüsü altında almanlara qulluq etmiş Ter-Arutyunyanı həbs ediblər. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində 30-dan çox erməni millətindən olan agenti öz tərəfinə cəlb edib, onların diversiya hazırlığında və Qızıl Ordunun arxa cəbhəsinə göndərilməsində iştirak edib. Onlardan 17 nəfəri həbs edilib, qalanları isə axtarışa verilib”. Tarixçinin sözlərinə görə, müasir Rusiyada əmindirlər ki, Njde SSRİ ərazisində təxribat-terror aktları törətmək üçün terrorçular hazırlayan nasist agenti olub. Paşinyanın bu gün ona bəraət qazandırması, əməllərini ört-basdır etməsi yalnız təəssüf doğurur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.