MƏDƏNİYYƏT
Rusiya turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırovla Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi Eldar Tlyabiçev və “Rusiya eksport mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyev arasında görüş keçirilib.
AzTA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud turizm münasibətləri və inkişaf perspektivləri müzakirə olunub.
Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi Eldar Tlyabiçev bildirib ki, ölkəsi turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır. Belə ki, qısa zaman ərzində Azərbaycanda turizm sektorunun inkişafı, turistlərin axını təqdirəlayiqdir.
Səhmdar Cəmiyyətin rəhbəri Nuri Quliyev isə qeyd edib ki, sentyabrda Gəncədə keçiriləcək növbəti Rusiya-Azərbaycan Regionlararası Forumda qarşılıqlı razılıq əsasında Rusiya tərəfi əlaqəli turizm münasibətlərinin inkişafı üçün təkliflər hazırlayıb forum iştirakçılarına təklif etməlidir. Qonaqlar bu təklifləri hazırlamaqda Azərbaycan Turizm Assosiasiyasının dəstəyinə ümidvar olduqlarını bildiriblər.
Görüşdə AZTA-nın sədri Nahid Bağırov rusiyalı mütəxəssislərə assosiasiyanın yardım etməyə hazır olduğunu qeyd edib və Azərbaycanın turizm modelinin inkişafı, eləcə də son illər turizm inkişafının yerli və xarici iqtisadi münasibətlərin inkişafına töhfəsi barədə danışıb.