DÜNYA
Rusiya və ABŞ Viktoriya Nulandın Moskvaya səfəri üçün sanksiyaları ləğv ediblər
Vaşinqton, 11 oktyabr, AZƏRTAC
ABŞ Dövlət katibinin siyasi məsələləri üzrə müavini Viktoriya Nulandın rusiyalı rəsmi şəxslərlə görüşmək üçün bu həftə Moskvaya səfərinə imkan yaratmaq məqsədilə Rusiya və ABŞ sanksiyaları ləğv ediblər.
AZƏRTAC xəbər verir ki, adları Amerikanın sanksiya siyahılarına daxil edilmiş rusiyalıların bir hissəsi bu siyahıdan çıxarılıb və bunun müqabilində Moskva Nulandın səfərinə razılıq verib.
Dövlət Departamentinin məlumatında bildirilir ki, xanım Nuland oktyabrın 11-də Moskvaya rəsmi səfərə gəlməyi planlaşdırır. Nuland bir sıra ikitərəfli, regional və qlobal məsələləri müzakirə etmək üçün Rusiya hökumətinin yüksəkvəzifəli üzvləri ilə görüşəcək. Nulandın RF xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə də danışıqlar aparacağı gözlənilir.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov sentyabrın 25-də bildirmişdi ki, Nulanda hələ viza verilməyib. Sonradan Rusiya mənbələri bəyan ediblər ki, oktyabr ayında Nulanda viza verilə bilər bu şərtlə ki, Vaşinqton rusiyalı diplomat barəsində bir sıra məhdudiyyətləri ləğv etsin. Bundan əvvəl 2019-cu ilin may ayında Rusiya Nulanda viza verməkdən imtina etmişdi. Rusiya XİN bunu onunla izah edirdi ki, Amerikanın növbəti sanksiyalarına cavab olaraq Moskva tərəfindən tərtib edilmiş qara siyahıya bu diplomatın da adı daxil edilib.
Dövlət Departamentində onu da bildiriblər ki, Nuland Moskva səfərindən sonra Beyruta yola düşəcək, orada həyata keçirilən islahatları və 2022-ci ildə Livanda keçiriləcək seçkiləri müzakirə edəcək. Amerika tərəfinin nümayəndəsi daha sonra Londona səfər etməyi planlaşdırır.
AZƏRTAC-ın Vaşinqton bürosu