SİYASƏT
Rusiya və Azərbaycan DİN-ləri mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər
Moskva, 20 aprel, AZƏRTAC
Aprelin 19-da Dərbənddə Rusiya ilə Azərbaycan arasında sərhəd zonasında daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi üzrə işçi qrupunun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sərhəd ərazilərin daxili işlər orqanlarının, cinayət axtarışı, narkotiklərin dövriyyəsinə nəzarət, mütəşəkkil cinayətkarlığa və ekstremizmə qarşı mübarizə bölmələrinin rəhbərləri iştirak ediblər.
İclas iştirakçıları sərhəd zonalarda cinayətkarlığın səviyyəsi və təhlükəsizliyin təmin edilməsi, ekstremizm, terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Rusiya tərəfdən işçi qrupunun rəhbəri, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi Sergey Baçurinin və işçi qrupun Azərbaycan tərəfdən həmsədri, Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı Baş İdarəsinin rəisi Arzu Daşdəmirovun çıxışları dinlənilib.
İclasda, həmçinin ekstremizm və terrorizm, mütəşəkkil cinayətkarlıqla mübarizə, irimiqyaslı tədbirlərin keçirilməsi zamanı asayişin qorunması və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər ətraflı fikir mübadiləsi aparıb, sərhədyanı regionlarda ərazi bölmələri arasında əlaqələrin möhkəmləndirilməsinə dair əlavə tədbirlərin görülməsini qərara alıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva