MƏDƏNİYYƏT
Rusiya və Azərbaycan ekspertləri gənclər turizminin perspektivlərini müzakirə ediblər
Moskva, 22 noyabr, AZƏRTAC
Müasir texnologiyalar və Delfa Oyunlarının potensialı Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində keçirilən ekspertlər sessiyasının diqqət mərkəzində olub.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclər siyasəti və hadisələrlə dolu turizm sahəsində müsbət praktikaların açıq təqdimatını keçirən mədəniyyət xadimləri, prodüserlər, hakimiyyət orqanlarının nümayəndələri prosesin inkişafında müasir texnologiyaların aparıcı rolunu yekdilliklə qeyd ediblər.
Məsələn, “Möcüzənin formulu” müəllif hadisələri agentliyinin direktoru, müstəqil event-məsləhətçi Yuliya Privalova Rusiya yaradıcılıq ittifaqının mədəniyyət dərslərinin gedişində yaradıcı insanların təcrübəsinin gənc nəslə ötürülməsi üzrə layihəsindən danışarkən vurğulayıb: “XXI əsrin gənc nəsli çox məzmunlu informasiya məkanında yaşayır. Buna görə də bizdə belə bir ideya yarandı ki, təcrübə mübadiləsi təkcə canlı ünsiyyət formatında deyil, həm də müxtəlif interaktiv ustad dərslərdən ibarət veb-konfranslar vasitəsilə getməlidir”.
Beynəlxalq əlaqələrin möhkəmlənməsində Delfa Oyunlarının əhəmiyyətini Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil, gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov da xüsusi vurğulayaraq deyib: “İndiki mərhələdə Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq qarşılıqlı etimada əsaslanan uzunmüddətli əlaqələrin yaradılması üçün təsirli vasitədir. Ölkələrimiz arasında humanitar əlaqələr təkcə aramızdakı qarşılıqlı münasibətlərin tarixi ilə müəyyən olunmayıb, həm də bununla müəyyən olunub ki, biz vaxtilə eyni təhsil və elmin inkişafı proqramlarına malik vahid məkanda yaşamışıq. Ölkəmizin təhsil ocaqlarında rus dili sektorunun saxlanılması və genişləndirilməsi də əməkdaşlığın labüd olduğunu göstərir. Sadalanan amillər bədii təhsil sistemi üçün xüsusilə aktualdır. Biz ikitərəfli əlaqələri dəstəkləmək məqsədi ilə vaxtaşırı Rusiyanın və bütövlükdə Birlik ölkələrinin müxtəlif yaradıcılıq məkanlarında iştirak edirik. Məsələn, Azərbaycanın ənənəvi olaraq iştirak etdiyi Delfa Oyunları bunun bariz nümunəsidir. Göründüyü kimi, əməkdaşlıq üçün mövzularımız kifayət qədər çoxdur”.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev ekspertlərin fikirlərini şərh edərək bildirib ki, sessiya iştirakçılarının diqqətinin Delfa Oyunları üzərində cəmləşməsi təbiidir, axı incəsənət universal ünsiyyət dili kimi həmişə xalqlar arasında qarşılıqlı etimada əsaslanan zəmin olub. O deyib: “Postsovet məkanındakı bütün ölkələr arasında humanitar əlaqələri möhkəmləndirmək üçün mədəniyyətin böyük potensialı var. Bu, Rusiya ilə Azərbaycanın nümunəsində çox yaxşı görünür. Bunun üçün Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Humanitar Forumunu yada salmaq kifayətdir. Hər il bu tədbir beynəlxalq humanitar əməkdaşlığın potensialını reallaşdıran ən əhəmiyyətli hadisələrdən birinə çevrilir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva