MƏDƏNİYYƏT
Rusiya və Azərbaycan gəncləri getdikcə daha çox təmas nöqtəsi tapırlar
Moskva, 24 may, AZƏRTAC
Tulada Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin gənclərinin Mədəniyyət Forumu başa çatıb. Forumda ölkəmizi təmsil edən Azərbaycan Milli Konservatoriyasının tələbələri Rusiya-Azərbaycan münasibətlərinin inkişafına öz baxışlarını Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya ilə bölüşüblər.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, MDB ölkələri gənclərinin Mədəniyyət Forumu yaradıcı gənclərin ideya və təcrübə mübadiləsi aparmaları üçün ən iri beynəlxalq məkanlardan birinə çevrilib. Azərbaycan nümayəndə heyətinin üzvləri – Azərbaycan Milli Konservatoriyasının tələbələri, beynəlxalq müsabiqələrin laureatları Nihad Orucov və Nicat Məsimovun sözlərinə görə, bütün forum iştirakçıları bir məsələdə həmrəy olublar: bu gün gənclər qonşu ölkələrin mədəniyyətlərinə nə qədər çox maraq göstərsələr, MDB ölkələrinin yaxşı sabahı üçün daha çox perspektiv olacaq.
Şübhəsiz ki, söhbətin böyük hissəsi Rusiya və Azərbaycan gənclərinin üstünlük verdikləri musiqi janrlarının müzakirəsinə həsr olunub. Xalqlarımızın milli musiqi ilə klassik musiqi arasındakı əlaqə barədə ümumi anlayışı olduğunu vurğulayan Nicat Məsimov deyib: “Azərbaycan muğamı çox qədim musiqidir, ölkəmizin vizit kartıdır. Amma bizim çox məşhur klassik bəstəkarlarımız da var. Məsələn, elə götürək, Şərqdə ilk operanı – “Leyli və Məcnun” operasını yazan Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylini... Sizin isə Qlinkanız olub. O da müəyyən mənada klassik musiqinin banisidir. Mixail Qlinka ilə Üzeyir Hacıbəylinin üslubları çox yaxındır, çünki onlar xalq ruhunda musiqi yazıblar”.
Konservatoriyada balaban ifaçılığının sirlərini öyrənən Nicat Məsimov bildirib ki, rusiyalı ifaçıların çoxu azərbaycanlı tələbələrə örnəkdir. O deyib: “Rusiyada pianoçular Denis Matsuyev və Berezovski kimi çox istedadlı musiqiçilər var. Yaxud götürək klarnetçalan Yevgeni Petrovu. Mən deyərdim ki, o, dünyanın ən yaxşı klarnetçalanlardan biridir. Belə səviyyəli musiqiçi olmaq çox çətindir, çünki Rusiyanın klassik musiqi məktəbi ən azı MDB ölkələri arasında ən güclü məktəbdir”.
Milli vokal sənətini öyrənən Nihad Orucov bildirib ki, Azərbaycanda Rusiya estradasını da çox sevirlər. Nihad etiraf edib ki, tez-tez tanınmış rusiyalı ifaçıların mahnılarını oxuyur və dinləyicilər də hər dəfə ona təşəkkür edirlər.
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyev bildirib ki, gənclərimizin bir-birinin mədəniyyəti ilə yaxından tanış olmaları üçün hər bir fürsət dəstəklənməlidir: “Hazırda Rusiyada və Azərbaycanda getdikcə daha çox beynəlxalq mədəniyyət festivalları, forumlar, habelə musiqi, kino, teatr sahəsində müsabiqələr keçirilir. Tədbir təşkilatçıları qonşu ölkələrdən istedadları həmişə üzügülər qarşılayırlar. Amma, zənnimcə, belə bir məsələ nəzərə alınmalıdır ki, gənclərimizin sosial həyatının böyük hissəsi internetdə keçir. Ola bilsin, yaradıcı gənclərin indi olduğu kimi görüşdən-görüşə deyil, non-stop rejimində əlaqə saxlayacaqları, ideya mübadiləsi aparacaqları məkanın yaradılması üçün müasir texnologiyalardan istifadə olunması barədə düşünməyin vaxtı çatıb. Bu da ölkələrimiz arasında strateji əməkdaşlığın gələcək inkişafı üçün çox yaxşı perspektivdir”,- deyə D.Savelyev fikrini tamamlayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva