İQTİSADİYYAT
Rusiya və Hindistan ticarət əlaqələri və tranzit daşımalarını İranla Azərbaycan üzərindən həyata keçirməkdə qərarlıdır
Tehran, 16 iyul, AZƏRTAC
Rusiya və Hindistan ticarət əlaqələri və tranzit daşımalarını İran üzərindən həyata keçirməkdə qərarlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindistanda ingilis dilində nəşr olunan “The Hindu BusinessLine” qəzeti yazıb. Qəzetdə dərc olunan materialda bildirilir ki, Hindistanın konteyner daşıması ilə məşğul olan “Concor” şirkəti ilə Rusiyanın “РЖД Логистика” şirkəti arasında yüklərin İran üzərindən daşınması haqqında razılıq əldə edilib və müvafiq müqavilə imzalanıb. Müqaviləyə əsasən, hər iki şirkət qarşılıqlı olaraq yükdaşımaları İranın Çabahar limanı vasitəsilə həyata keçirəcək. Yəni yüklər İran və Azərbaycanda üzərindən daşınacaq.
Bu isə onu deməyə əsas verir ki, Hindistandan Rusiyaya daşınan yüklər (konteynerlər) Mumbay limanından Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan üzərindən Rusiyaya daşınacaq.
Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt-hissəsi artıq istisamara buraxılıb. Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu da iki ölkənin dəmir yolları sistemini birləşdirib. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsində isə işlər davam edir. İranın Yollar və Şəhərsalma Nazirliyinin verdiyi məlumata əsasən, Rəşt-Astara yolu gələn il istifadəyə veriləcək.
Hindistan qəzeti mütəxəssislərin fikrinə istinad edərək yazır ki, yüklərin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə göndərilməsi vaxta 40 faiz, nəqliyyat xərclərinə isə 30 faiz qənaət etməyə səbəb olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran