DÜNYA
Rusiya və Türkiyə turizm sahəsində birgə fəaliyyət proqramı imzalayıblar
Moskva, 12 oktyabr, AZƏRTAC
Rusiya və Türkiyə iki ölkənin ərazisində təhlükəsiz və rahat səyahətlər üçün şərait təmin etmək məqsədilə 2022-2024-cü illər üçün birgə fəaliyyət proqramı imzalayıblar.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, sənəd Ankarada “Rosturizm”in rəhbəri Zarina Doquzova və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən imzalanıb.
Bu proqram iki ölkənin iqtisadi əlaqələrinin inkişafı və turizm sahəsinin bərpası, qarşılıqlı turizm axınının artırılması, Türkiyə və Rusiya ərazisində təhlükəsiz və rahat səyahətlər üçün şərait təmin etmək məqsədilə imzalanıb.
Sənəddə göstərilir ki, tərəflər öz ölkələrində turistlərin həyatına və sağlamlığına təhlükə yaradan fövqəladə vəziyyətlər yaranması, turizm məqsədilə digər tərəfin ərazisində olan iki ölkə vətəndaşlarının iştirakı ilə baş vermiş insidentlər barədə bir-birini operativ surətdə məlumatlandıracaqlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva