İQTİSADİYYAT
Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter reyslərinə başlanması nəzərdə tutulur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Bundan əlavə, “SkyUp Airlines” aviaşirkəti noyabrın 30-da Ukrayna vətəndaşlarını vətənlərinə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.
Qeyd edək ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaq.