İDMAN
Rusiya voleybol yığmasının baş məşqçisi: Biz Bakıya yaxşı oyun göstərmək üçün gəlmişik
Bakı, 21 sentyabr, AZƏRTAC
Rusiyanın qadın voleybolçular yığmasının baş məşqçisi Konstantin Uşakov deyib ki, Bakıda keçirilən Avropa Voleybol Çempionatında favorit komanda yoxdur.
AZƏRTAC xəbər verir ki, Konstantin Uşakovun fikrincə, hazırda Avropa komandalarının səviyyəsi bərabərləşib və onlardan hər hansı birini fərqləndirmək çətindir. “Çox güclü komandalar var – Azərbaycan, Serbiya, İtaliya, Hollandiya, Polşa, Bolqarıstan, Türkiyə. Onların hamısı Avropa çempionu titulunu bizdən almaq istəyirlər”, - deyə K.Uşakov bildirib.
Onun sözlərinə görə, komanda Bakıya yaxşı voleybol oyunu göstərmək və yaxşı nəticələrə nail olmaq məqsədilə gəlib.
“Demirəm ki, məqsədimiz tutulu qorumaqdır. Bizim üçün əsas məsələ layiqli oyun, keyfiyyətli voleybolumuzu nümayiş etdirməkdir. Gəlmişik ki, hər matçda oynayaq və qələbə qazanaq. Heyətimiz optimaldır və itki yoxdur”, - deyə K.Uşakov qeyd edib.
Analoji fikri Bolqarıstan yığmasının kapitanı Elitsa Vasilyeva da söyləyib: “Bu çempionatda çox güclü komandalar var ki, onlara uduzmaq da olar, qalib gəlmək də. Biz çox güclü qrupda yer alırıq. Nisbətən zəifi Ukrayna yığmasıdır. Lakin onlar da ciddi rəqiblərdir. Əsas məsələ qrupdan çıxmaqdır”.
Xatırladaq ki, Azərbaycanın Gürcüstanla birlikdə təşkil etdiyi Avropa çempionatı sentyabrın 22-dən başlayacaq. On gün davam edəcək turnirin qalibi oktyabrın 1-də müəyyənləşəcək.
Avropa çempionatının oyunları Bakıda (Milli Gimnastika Arenasında, A və C qrupları), Göygöldə (Olimpiya İdman Kompleksi, D qrupu) və Tbilisidə (İdman sarayı, B qrupu) keçiriləcək. “Play off” mərhələsindən başlayaraq 1/4 finalın bütün görüşləri, habelə yarımfinallar, üçüncü yer uğrunda qarşılaşma və final oyunu Bakıda keçiriləcək.
Yarışda Avropanın 16 ən yaxşı komandası dörd qrupda mübarizə aparacaq. A qrupunda Azərbaycan, Almaniya, Polşa və Macarıstan, B qrupunda Gürcüstan, İtaliya, Belarus və Xorvatiya, C qrupunda Rusiya, Ukrayna, Türkiyə və Bolqarıstan, D qrupunda Serbiya, Çexiya, Hollandiya və Belçika çıxış edəcək. Öz qruplarında birinci yeri tutan yığmalar avtomatik olaraq dörddəbir finala keçəcək, ikinci və üçüncü yeri tutan komandalar qarşılıqlı “play off” mərhələsində oynayacaqlar.