DÜNYA
Rusiyada islah-əmək koloniyasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açılıb
Moskva, 9 fevral, AZƏRTAC
Rusiyanın Samara vilayətindəki islah-əmək koloniyasında baş vermiş kütləvi dava ilə bağlı cinayət işi açılıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Təhqiqat Komitəsinin regional idarəsinin məlumatına görə, hadisə ilə bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb.
Koloniyanın məhbusları arasında baş vermiş dava nəticəsində 16 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, 790 məhbusun saxlanıldığı həbsxanada kütləvi dava yeməkxanada başlayıb. Burada xidmət edən məhbuslardan biri nahara gəlmiş dəstədəki digər məhbusu təhqir edib. Bu səbəbdən kütləvi dava baş verib. Məhbuslar təsərrüfat bölməsində qulluq edən dəstənin yaşadığı bloka gedərək, döşəkləri yandırıblar. Sonradan yanğın söndürülüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva