CƏMİYYƏT


Rusiyada istehsal olunan baytarlıq preparatlarının Azərbaycanda istifadə məsələsi müzakirə edilib

Bakı, 24 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Rusiyada istehsal edilən vaksinlərin Azərbaycanda istifadəsinin təşkili məsələlərinə dair müzakirələr aparılıb.

Müzakirələr zamanı bildirilib ki, Rusiya Federasiyasından respublikamıza geniş çeşiddə baytarlıq preparatları, o cümlədən vaksinlər idxal edilir. Respublikada əsasən qarayara, dabaq, nodulyar dermatit, qoyunçiçəyi, brusellyoz, quduzluq və s. kimi heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmələr dövlət büdcəsi vəsaitləri hesabına təmin edilir. Ölkəyə idxal edilən bütün baytarlıq preparatlarının, o cümlədən vaksinlərin keyfiyyət və təhlükəsizlik sınaqları keçirilir.

Görüşdə dövlət reyestrinə daxil edilmiş Rusiya Federasiyasının istehsalı olan baytarlıq preparatları barədə də məlumat verilib. Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyinin və “Rosselxoznadzor”un aidiyyəti qurumları və tədqiqat laboratoriyaları ilə işgüzar əlaqələr mövcuddur və bu sahədə birgə səmərəli fəaliyyət aparılır.

İkitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla əlaqədar fikir mübadiləsi edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.