CƏMİYYƏT


Rusiyada keçiriləcək Qələbə paradında hərbçilərimizin iştirakı xalqımızın bu tarixi zəfərdəki roluna yüksək ehtiramın göstəricisidir

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 24-də faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Rusiyada keçiriləcək paradda Azərbaycan Ordusunun 75 nəfərlik hərbçisi də iştirak edəcək. Hərbçilərimizin qələbə paradında iştirakı xalqımızın bu tarixi zəfərdəki roluna yüksək ehtiramın göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizm üzərində Qələbənin 75 illiyi ilə bağlı görülən işlərdən, habelə Azərbaycan xalqının bu qələbədəki rolundan bəhs edərkən deyib.

Polkovnik Cəlil Xəlilov bildirib ki, Qələbənin 75 illiyi ilə əlaqədar Respublika Veteranlar Təşkilatı həm yerli, həm də beynəlxalq səviyyəli plan tərtib edib. Lakin koronavirusla əlaqədar kütləvi tədbirlər təxirə salındığı üçün bu planda müəyyən dəyişikliklər oldu. Bununla yanaşı, Təşkilat Qələbənin 75-ci ildönümü ilə əlaqədar həm ölkəmizdə, həm də ondan kənarda İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlarla bağlı təbliğat-maarifləndirmə işləri aparır. Ziyad Səmədzadənin “Azərbaycan nefti 1941-1945-ci illərdə” adlı rus dilində kitabı nəşr edilib. Azərbaycan qadınlarının Böyük Vətən müharibəsində iştirakı ilə bağlı da kitab çapdan çıxıb. Post-pandemiya dövründə bu kitabların təqdimatı olacaq.

Cəlil Xəlilov deyib ki, Təşkilat Qələbənin qazanılmasında azərbaycanlıların rolu, tarixi saxtalaşdırmalara qarşı mübarizə istiqamətində də ciddi işlər görür. Azərbaycan Prezidenti İlham Əliyevin nasist Qaregin Njde ilə bağlı çıxışı, erməni yalanı və həyasızlığını ifşa etməsi Rusiyada erməni faşistlərinə qarşı abidənin qoyulmasının qarşısını aldı. Hansı ki, ermənilər bu vaxtadək rus mediasını və ictimaiyyətini aldadır, Njdeni qəhrəman kimi təqdim edirdilər. Ancaq Azərbaycan tərəfinin müraciətindən, dövlətimizin başçısının çıxışından sonra Rusiyanın bu məsələyə baxışı dəyişdi, onun abidəsi də söküldü.

“Veteranlarımızın Moskvada Qələbənin 75-ci ildönümü münasibətilə keçiriləcək hərbi paradda iştirak etməsini istərdik. Lakin pandemiyanın davam etdiyi bir şəraitdə veteranların bu parada iştirak edib-etməyəcəyi məlum deyil. Buna baxmayaraq, Azərbaycanın 75 hərbçisinin ölkəmizin istehsalı olan silahlarla bu paradda iştirakı xalqımızın bu Qələbədəki rolundan xəbər verir. Azərbaycan xalqı faşizm üzərində Qələbənin qazanılmasına böyük fədakarlıqlar göstərib, bu gün də erməni faşizminə qarşı mübarizəni davam etdirir. İstərdik ki, faşizm üzərində Qələbənin 75 illiyi ərəfəsində beynəlxalq təşkilatlar erməni faşizminin vəhşiliklərinə, işğalçılıq siyasətinə diqqət yetirsin, işğalçı ölkəyə təzyiq göstərsin, ona qarşı sanksiyalar tətbiq etsinlər. Təcavüzkarı BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtsiz yerinə yetirməyə məcbur etsinlər. Beynəlxalq təşkilatlardan, dünyanın aparıcı dövlətlərindən gözləntimiz məhz bundan ibarətdir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.