DÜNYA
Rusiyada koronavirus epidemiyası ilə əlaqədar 9 gün qeyri-iş günü elan olunacaq
Moskva, 19 oktyabr, AZƏRTAC
Rusiyada oktyabrın son iki günü və noyabrın birinci həftəsi qeyri-iş günü elan oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu təkliflə Rusiya baş nazirinin müavini Tatyana Qolikova ölkədə koronavirusla bağlı epidemioloji vəziyyəti nəzərə alaraq çıxış edib. Oktyabrın 20-də baş nazirin müavinin təklifi Rusiya Prezidentinə təqdim olunacaq.
Beləliklə, Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan oluna bilər. Eyni zamanda, T.Qolikova 60 yaşından yuxarı peyvənd olunmamış əməkdaşların azı 4 həftə müddətində distant işləməsinə şərait yaradılmasına, hər bir əməkdaşa peyvənd olunması üçün iki istirahət günü verilməsinə çağırıb.
Bundan əlavə, T.Qolikova noyabrın 7-dən sonra açılacaq obyektlərə ziyarətçiləri yalnız peyvənd olunmanı təsdiq edən QR kodlarla buraxmağı təklif edib.
Belə tədbirlər Rusiyada koronavirusa yoluxma tempini azaltmaq üçün tətbiq edilir. Ötən gün Rusiyada 33 740 nəfərdə COVID-19 aşkar edilib, 1015 nəfər həyatını itirib. Hazırda 794 946 nəfər bu xəstəlikdən müalicə olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva