REGİONLAR


Rusiyada nəşr olunan monoqrafiyanın bir fəsli Naxçıvanın artezian sularına həsr edilib

Naxçıvan, 19 iyun, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın, elmi işçi Rafiq Quliyevin və Naxçıvan Dövlət Universitetinin əməkdaşı, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun həmmüəllifliyi ilə Rusiya Federasiyasının Hirşa indeksli “Novaya Nauka” Beynəlxalq Elmi Əməkdaşlıq Mərkəzi tərəfindən “Elmin innovativ inkişafı: fundamental və tətbiqi problemlər” adlı kollektiv monoqrafiya nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, monoqrafiyanın “Naxçıvan Muxtar Respublikasının artezian sularının müasir vəziyyəti və istifadə perspektivləri” adlı fəslində Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, Sədərək və Şərur rayonlarının yeraltı su horizontlarındakı artezian sularının məhsuldarlığının dəyişməsi ümumiləşdirilib, 825 subartezian quyusunun texniki göstəricilərinin əks olunduğu cədvəl və sxemlər monoqrafiyaya əlavə edilib. Monoqrafiyada muxtar respublikada son illər istifadəyə verilmiş 247 subartezian quyusunun əkin sahələrinin suvarılmasında və su təchizatındakı roluna diqqət çəkilib, həmin suların makrokomponent tərkibi haqqında əhatəli təhlillər aparılıb. Artezian sularının muxtar respublikadakı əkin sahələrinin suvarılmasında, kənd təsərrüfatının inkişafındakı mühüm rolu vurğulanıb.

Tədqiqatçılar müxtəlif rayonlardan toplanan artezian sularının analizlərinin nəticələrini təqdim edərək əsaslandırıblar ki, bu sular içməli su kimi istifadəyə, eləcə də təsərrüfatların suvarılmasına tam yararlıdır. Xüsusilə, Ordubad, Şahbuz, Sədərək və Şərur rayonlarının artezian suları yumşaq, qeyri-üzvi duzların qarışığına malik deyil, xlorid və sulfat ionlarının qatılıq səviyyəsi aşağıdır.

DOI keyfiyyət identifikatoruna və ISBN beynəlxalq standart nömrəsinə malik monoqrafiya mərkəzin rəsmi elektron kitabxanasında yerləşdirilib: (https://sciencen.org/assets/Kontent/Monografii-2/Arhiv-monografij/MON-102.pdf).

Qeyd edək ki, məqalələri mütəmadi olaraq nüfuzlu xarici jurnallarda dərc olunan alimlərin əsərləri elmi əhəmiyyətinə görə seçilir. Buna görə də onlar Çexiyanın “Premier Publishing”, Almaniyanın “Lambert” nəşriyyatından, Rusiyanın “Təbiətşünaslıq Akademiyasının” mətbuat evindən məqalə və monoqrafiya nəşri üçün təkliflər alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.