CƏMİYYƏT
Rusiyada ölüm hadisəsi törətməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi Azərbaycana göndərilib
Bakı, 27 aprel, AZƏRTAC
2015-ci il oktyabrın 25-də Rusiya Federasiyasının İstintaq Komitəsinin Tatarıstan Respublikası İstintaq İdarəsinin Aznakayevski rayonlararası istintaq bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanmış və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Ucar Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, həmin cinayət işi aprelin 26-da rayon prokurorluğu tərəfindən icraata qəbul edilib. İş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
1965-ci il yanvarın 9-da Ucar rayonunun Qardağlı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb olunması istiqamətində hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.