ELM VƏ TƏHSİL


Rusiyada ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın daha bir bölmə iclası keçirilib

Bakı, 17 aprel, AZƏRTAC 

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransın bölmə iclasları Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır”, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzularında konfransın bölmə iclasları keçirilib.

Aprelin 16-da Rusiyanın A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda "Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi" mövzusunda bölmə iclası keçirilib. Dövlət Rus Dili İnstitutunun elmi işlər üzrə prorektoru, professor M.A.Osadçıy ADU-nun rektoru, akademik Kamal Abdullanın Azərbaycan və Rusiya universitetləri arasında əlaqələrin bərpası istiqamətində çox böyük işlər gördüyünü deyib.

Daha sonra Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.

Bölmə iclasında Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri V.İmaməliyev Ulu Öndərin Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı üçün atdığı addımlardan danışıb.

Tədbirdə çıxış edən Dövlət Rus Dili İnstitutunun tədris-tərbiyə işləri üzrə prorektoru, dosent E.V.Koltakova, “Rossotrudnichestvo” Təhsil və Elm Sahəsində Əməkdaşlıq İdarəsinin rus dilinin inkişafı və dəstəklənməsi şöbəsinin müdiri N.B.Tsirendashıyeva Heydər Əliyevin müdrik siyasətindən, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfələrdən danışıblar.

ADU-nun rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev "Heydər Əliyev və müasir Azərbaycanda dini tolerantlıq" mövzusunda məruzə ilə çıxış edib. Professor Azərbaycan-Rusiya dövlətlərarası əlaqələrində universitetlərarası əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. O bildirib ki, ötən 25 il ərzində Azərbaycan Rusiyanın strateji tərəfdaşına çevrilib, hazırda Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında möhkəm dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrarası münasibətlərin inkişafına müsbət təsir göstərir.

ADU-nun xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadə "XXI əsrdə multikulturalizm" mövzusunda məruzə ilə çıxış edib. Professor qeyd edib ki, Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət, bir-birinə qaynayıb-qarışan milyonlarla insanın taleyi bağlayır və ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən indiyə kimi bu qiymətli irsi qoruyub saxlamağa, artırmağa, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olunub.

ADU-nun multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru İrina Kunina "Azərbaycanın daxili və xarici siyasətində multikulturalizm və tolerantlıq prinsipləri" mövzusunda məruzə ilə çıxış edərək Rusiya ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələrin artan xətt üzrə inkişaf etdiyini qeyd edib. O bildirib ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib.

Bölmə iclasında A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunun nümayəndələri də daxil olmaqla on məruzəçi iştirak edib.

Konfransın işi Moskva Dövlət Linqvistika Universitetində "Çoxtərəfli dünyada dillər və mədəniyyətlərin dialoqu həmrəylik amili kimi" mövzusunda, Moskva Pedaqoji Universitetinin Samara filialında isə "Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq" mövzusunda davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.