SİYASƏT


Rusiyada yaşayan soydaşlarımız Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyası keçiriblər

Moskva, 16 iyul, AZƏRTAC

Rusiyada yaşayan bir qrup soydaşımız son günlər Ermənistan-Azərbaycan sərhədində baş vermiş məlum silahlı toqquşma ilə bağlı Azərbaycan dövlətinə və ordusuna dəstəyini bildirmək məqsədilə Azərbaycan səfirliyinin binası önünə gəlib.

AZƏRTAC xəbər verir ki, Moskvanın müvafiq qurumları ilə razılaşdırılmayan və pandemiya vaxtı baş tutmuş toplantıya səfir Polad Bülbüloğlunun xahişi ilə yerli hüquq-mühafizə orqanları müdaxilə etməmiş və yığışan şəxslərə öz mövqelərini bildirmək üçün imkan yaradılıb.

Səfir Polad Bülbüloğlu həmyerlilərimizlə görüşərək soydaşlarımıza göstərdikləri vətənpərvərlik və dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, son günlər Rusiyada yaşayan azərbaycanlılardan səfirliyə çoxlu sayda müraciətlər daxil olur. Onların hər birində həmyerlilərimiz ordu sıralarına qatılmağa və müharibəyə hazır olduqlarını bildirirlər. Polad Bülbüloğlu bu haqda ölkəmizin müvafiq qurumlarına məlumat verdiyini diqqətə çatdırıb.

Səfir mövcud vəziyyətdən söz açaraq, Türkiyənin dəstəyini və Rusiya ilə münasibətlərin ölkəmiz üçün əhəmiyyətini önə çəkib. Səfirliyin önünə gələnlərin çoxunun Rusiya vətəndaşları olduqlarını, burada işlədiklərini qeyd edərək, Rusiya ilə Azərbaycanı birləşdirən tarixi əlaqələr haqqında danışan Polad Bülbüloğlu, bu dövlətlə mövcud olan dostluq əlaqələrini və işgüzar münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirməyin vacibliyinə dair fikirlərini bölüşüb.

Diplomat Azərbaycanın haqlı mövqeyini, dünya birliyinin, beynəlxalq hüququn dövlətimizin tərəfində çıxış etdiyini, sonda qələbənin bizimlə olacağını vurğulayıb.

Daha sonra Səfir Polad Bülbüloğlu toplantı iştirakçılarının suallarını cavablandırıb. Toplantının sonunda soydaşlarımızın adından Qasım Salmanov çıxış edərək deyib: “Biz Qarabağ uğrunda canımızdan keçməyə hazırıq. Qoy ermənilər bilsin ki, onlar bizə haradansa zərbə vurmaq istəsələr – istər xalqımıza, istərsə də səfirliyimizə, bizi qarşılarında görəcəklər. Biz qüdrətli xalq olduğumuz üçün bir-birimizə dəstəyik, bu gün də, bu gündən sonra da əl-ələ verib hər yerdə, hər mövqedə birliyimizi ortaya qoymalıyıq. Bura yığışmışıqsa, hər kəsi bura gətirən qeyrətidir. Qeyrətli insanın Vətəni əsir ola bilməz. Biz ermənilərin təcavüzünə qarşı canla-başla mübarizə aparmağa hazırıq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.