CƏMİYYƏT


Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Tatarıstan Respublikasına səfər ediblər

Moskva, 29 iyul, AZƏRTAC

Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Tatarıstan Respublikasına səfər ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar Kazan, Naberejnıye Çelnı və Leninqorsk şəhərlərində olublar.

Kazanda Tatarıstan Xalqlar Dostluğu Evində direktor İrek Şaripovla, habelə Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyində nazir İradə Ayupova ilə görüşlər olub.

Tatarıstan Xalqlar Dostluğu Evində yerli və regional Azərbaycan diaspor təşkilatlarının nümayəndələri və rəhbərləri Evində bu müəssisənin və Tatarıstan Xalqları Assambleyasının işi ilə tanış olub, “Dostluq muzeyi”ni ziyarət ediblər.

Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov görüşdə Tatarıstan Xalqlar Dostluğu Evinin fəaliyyəti və imkanları barədə danışıb. Qonaqlar bazar günü məktəbinin işi ilə də tanış olublar. Bu məktəbdə uşaqlar ana dillərini, o cümlədən Azərbaycan dilini öyrənirlər.

Elə həmin gün Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova ilə görüşdə iki ölkə arasında milli-mədəni irsin qorunub saxlanılmasına və inkişafına kömək, tatar və Azərbaycan xalqlarının tarixi-mədəni əlaqələrinin möhkəmlənməsi, ortaq ədəbi və musiqi irsinin qorunub saxlanılması və populyarlaşdırılması, gələcək mədəni əməkdaşlıq məsələləri, habelə Ümumdünya Türk Xalçası Gününün təsis edilməsi və qədim musiqi alətlərindən istifadə edilməklə Kazan şəhərində muğam və mahnı müsabiqə-festivalının keçirilməsi məsələləri müzakirə edilib.

Tatarıstan Respublikasının mədəniyyət naziri mədəni mübadilənin vacibliyini vurğulayıb.

Görüşdə keçən il “Kazan Kremli” muzey-qoruğunun “Manej” sərgi zalında Azərbaycan Milli Xalça Muzeyinin eksponatlarından ibarət “Xalça sənəti – məna təkamülü” sərgisinin keçirilməsi xatırlanıb.

Rusiya Azərbaycanlıları Regional Assosiasiyasının (RARA) sədri Ramil Əliyev və təşkilatın həmsədri Qasım Kərimov “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabını təqdim ediblər. Bu kitabda geniş oxucu auditoriyasına tanış olmayan çoxlu maraqlı material toplanıb. Kitabın birinci cildinin nüsxələri 2021-ci ildə Tatarıstan Respublikası Milli Kitabxanasına və Kazan şəhəri Mərkəzi Kitabxanasına verilmişdi. Kitabın ikinci cildi çapa hazırlanır.

Naberejnıye Çelnı şəhərində Rusiyanın Azərbaycan icmalarının nümayəndələri şəhər meri Nail Maqdeyevlə görüşüblər. Mer qonaqlara bu şəhərin, avtomobil nəhəngi sayılan KamAZ-ın tarixi və təşəkkülü, şəhərin iqtisadi və sənaye potensialı, onun sakinləri barədə söhbət açıb.

Nümayəndə heyətinin üzvləri Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə əbədi məşəl önünə əklil qoyublar.

Leninoqorskda eyniadlı rayonun rəhbəri Rahat Xusainov qonaqlarla görüşüb. O, dəyirmi masada şəhərin və rayonun tarixi, Leninoqorsk torpağında Tatarıstanın böyük neftinin kəşf edilməsi, neft hasilatına bakılıların köməyi barədə danışıb, həmin illərdə Leninoqorskun “İkinci Bakı” adlanmasını vurğulayıb. Xusainov rayonun və şəhərin iqtisadi və sosial inkişafı barədə məlumat verib, bu məsələdə “Birlik” Azərbaycan Milli Mədəni Muxtariyyətinin rolunu qeyd edib. Nümayəndə heyətinin üzvləri “Əbədi məşəl” abidəsinin yanında Leninoqosrk veteranları və arxa cəbhə əməkçiləri ilə görüşüb, Diyarşünaslıq muzeyində, Leninoqorsk uşaq evinin Qlazovo kəndində yerləşən yay düşərgəsində olublar.

Qeyd edək ki, RARA nümayəndələrinin Tatarıstan Respublikasına birinci rəsmi səfəri Tatarıstan Respublikasının Leninoqorsk şəhərindəki eyniadlı rayonda fəaliyyət göstərən “Birlik” (“Yedinstvo”) Azərbaycan Milli Mədəni Muxtariyyətinin rəhbəri Ramiz Məmmədovun təşəbbüsü ilə təşkil edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.