SİYASƏT
Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Tulalı müharibə veteranları ilə görüş keçiriblər
Moskva, 20 aprel, AZƏRTAC
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) nümayəndə heyəti Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları ilə birlikdə Tulada Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirib.
Veteranlarla görüş bayram masası arxasında keçib. Veteranlar o qanlı-qadalı illər barədə xatirələrini bölüşüblər. ÜAK-ın icraçı direktoru İlqar Hacıyev təntənəli tədbirə qatıldıqlarına görə veteranlara təşəkkür edərək bildirib ki, Ümumrusiya Azərbaycanlılar Konqresi öz fəaliyyətində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərə xüsusi diqqət yetirir. O deyib: “Bu gün burada Rusiyanın azərbaycanlı gəncləri iştirak edir. Sizinlə ünsiyyətdə olmaq onlar üçün misilsiz təcrübədir. Əminəm ki, onlar bu görüşü uzun müddət unutmayacaqlar”.
İlqar Hacıyev vurğulayıb ki, ÜAK-ın nümayəndələri bir gün əvvəl Kurskda müharibə veteranları ilə görüşüblər.
Veteranları Leyla Əliyeva adından salamlayan RAGB-ın İdarə heyətinin üzvü Emin Hacıyev gənclər təşkilatının 9 May bayramı münasibətilə keçirdiyi tədbirlərdən söz açıb. O deyib: “Uşaq və qocalar evlərinə yardım göstərmək Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Yaşlı nəslin nümayəndələri ilə ünsiyyətdə olmaq RAGB fəallarına çox vacibdir. Müharibə veteranları ilə görüş bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qələbə naminə, gənc nəslin nümayəndələrinin firavanlığı uğrunda bu qədər qüvvə sərf etmiş bu insanlar bizim üçün canlı tarixdir”.
Sonra RAGB-ın fəalı, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının tələbəsi Vasif Quliyev bayanda müharibə illərində dillər əzbəri olan “Katyuşa”, “Siniy platoçek”, “Tyomnaya noç” mahnılarını ifa edib.
ÜAK və RAGB-ın üzvləri bayram tədbirindən sonra veteranlar ilə birlikdə Tulada müharibə qəhrəmanlarının abidəsi önünə əklillər qoyublar. Veteranlara çiçəklər və xatirə hədiyyələri təqdim olunub.
RAGB-ın fəalları Tula Dövlət Silah Muzeyində də olublar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva