SİYASƏT


Rusiyadakı Azərbaycan ictimai təşkilatları Prezident Vladimir Putinə müraciət ünvanlayıb

Moskva, 24 aprel, AZƏRTAC

Akademik Fazil Qurbanovun rəhbərliyi ilə Rusiyadakı Azərbaycan ictimai təşkilatları Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə əlaqədar RF Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Müraciəti Rusiyanın 50-dən çox Azərbaycan diaspor təşkilatlarının rəhbərləri imzalayıblar.

AZƏRTAC xəbər verir ki, müraciətdə son iyirmi ildə Rusiya Federasiyasının ərazisində çoxmillətli Azərbaycanı təmsil edən yetərincə böyük diasporun formalaşdığı qeyd edilir. Azərbaycan xalqı ən ağır zamanlarda rus xalqı ilə birlikdə olub. İki yüz ilə yaxın eyni tarixi-coğrafi məkanda yaşayan Azərbaycan xalqı dövlətin konstitusiya dayaqlarına sədaqət nümayiş etdirib.

Azərbaycanlı hərbi xadimlərin adları Birinci Dünya müharibəsində ən yaxşı rusiyalı sərkərdələrinin cərgəsinə daxil edilib.

Böyük Vətən müharibəsində Azərbaycan cəbhənin yanacaq ehtiyacının 80 faizini təmin edirdi, ölkəmizdə 130-dan çox silah növü – hərbi sursat və hərbi ləvazimat, o cümlədən əfsanəvi “Katyuşa”lar və onlar üçün reaktiv mərmilər, UTİ-4 və YAK-3 qırıcı təyyarələr istehsal edilirdi. Aviasiya təmiri zavodu, cəbhənin ehtiyacları üçün 300 növdən çox məhsul istehsal edən zavodlar əhəmiyyətli rol oynayıblar. Azərbaycan qospitalları 1,5 milyona yaxın hərbiçini sağaldaraq cəbhəyə qaytarıb. Azərbaycan xalqı Rusiyanın müxtəlif regionlarının əhalisinə xeyli yardımlar edib. Azərbaycanın kişi əhalisinin 70 faizi cəbhəyə yollanıb, onların yarısı qayıtmayıb. Azərbaycanlılar həm Qızıl ordunun döyüş hissələrində vuruşub, həm də ölkənin müxtəlif ərazilərində partizan hərəkatında fəal iştirak ediblər.

Başqa xalqların mədəniyyətinə, ənənələrinə tolerant münasibət və hörmət Azərbaycan xalqının genetik xüsusiyyətidir. Bu gün də Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir.

Erməni xalqının nümayəndələri təxminən 200 ildir ki, Azərbaycan torpağında yaşayırlar. Azərbaycanda yüz mindən çox erməni yaşayır, onlardan 70 mini Dağlıq Qarabağda məskunlaşıb. Dağlıq Qarabağ həmişə qonaqpərvərliyin və mədəniyyətlərin vəhdətinin, iki xalqın ənənələrinin rəmzi olub. Lakin vahid ölkənin parçalanmasına çalışan dağıdıcı güclər hər iki xalq üçün ağır nəticələrə səbəb olan etnik münaqişəni körüklədilər. Bu gün musiqi-poetik yaradıcılığın beşiyi, həyat və tərəqqi rəmzi olan bu torpaqda qan tökülür, insanlar həlak olur. Otuz ilə yaxındır ki, yüz minlərlə azərbaycanlı qaçqına çevriliblər. Ölkə iqtisadiyyatına ciddi zərər yetirilir. Təkcə azərbaycanlılar deyil, blokadaya düşmüş, iqtisadi cəhətdən sərfəli regional layihələrdən kənarda qalmış Ermənistanın özü də bundan əziyyət çəkir.

Məktubda deyilir: “Çox hörmətli Vladimir Vladimiroviç! Bu gün Rusiya son iyirmi ildə həyata keçirilmiş böyük tədbirlər sayəsində qüdrətli dövlətlərdən birinə çevrilib. Dünyada heç bir problem Rusiyanın iştirakı olmadan öz həllini tapa bilməz. Biz dünyada dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qorunması üzrə Rusiyanın siyasətini dəstəkləyirik.

Rusiya-Azərbaycan, Rusiya-Türkiyə, Rusiya-İran münasibətlərinin genişlənməsi və möhkəmlənməsi bu gün regionda sülhə və sabitliyə kömək edir. Biz, həmçinin İslam dünyasına qarşı Qərbin “qəhvəyi taun” - yeni xaç yürüşünə qarşı mübarizəyə Sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk.

Biz, Rusiya azərbaycanlıları əminik ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında məhz Sizin bilavasitə iştirakınız problemin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə əsaslanan düzgün ədalətli həlli yollarını tapmağa kömək edəcək. Bu, Azərbaycan və erməni xalqları üçün həyati əhəmiyyətli məsələdir! Qara səhifələrlə dolu olan keçmişin qapılarını bağlamağın və sülhün və tərəqqinin üstünlüyünü təmin edəcək gələcəyə qapı açmağın vaxtıdır! Bunu yalnız Siz – Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin edə bilər!”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.