İQTİSADİYYAT


Rusiyadan dəmirlə yüklənmiş ilk yük vaqonları Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə çatıb

İstanbul, 23 iyul, AZƏRTAC 

Rusiya Federasiyasından dəmirlə yüklənmiş ilk yük vaqonları Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyə ərazisinə çatıb. Bu qatarın mənzil başına qısa müddətə çatması bir daha göstərdi ki, ulu öndər Heydər Əliyevin uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm qlobal, həm də regional yükdaşımalar üçün ən əlverişli, etibarlı və təhlükəsiz yollardan birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, şimal qonşumuzun Maqnitoqorsk şəhərindən yola salınan vaqonlar 5 min kilometrə yaxın məsafəni uğurla qət edərək, Türkiyənin Aralıq dənizi sahilindəki Payas stansiyasına daxil olub. Rusiyanın Maqnitoqosrk-Qruzovoy stansiyasından yola salınan dəmir ilə yüklənmiş vaqonlar 17 gün ərzində Rusiya, Azərbaycan və Gürcüstandan keçərək mənzil başına çatıb.

Bu Rusiyadan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə göndərilən ilk dəmir məhsuludur. İndiyə kimi, Maqnitoqorsk Metallurgiya kombinatının yükləri əvvəlcə Novorossiysk limanına, oradan da gəmi vasitəsilə İskəndəruna çatdırılırdı. Bu zaman yüklər 6 min kilometrə yaxın məsafəni qət edərək, yalnız 30 gün sonra təyinat yerinə çata bilirdi. Maqnitoqorsk Metallurgiya Kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir. Həmin yükün bundan sonra Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql edilməsi planlaşdırılır.

Rusiyanın digər müəssisə və şirkətləri də artıq bu layihəyə böyük maraq göstərirlər. Məsələn, keçən ay Bakı-Tbilisi-Qars vasitəsilə Rusiyadan taxıl daşınmasına start verilib. Beləliklə, Azərbaycanın təşəbbüsü, məqsədyönlü siyasəti və xüsusi səyləri ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi təkcə Asiya ilə Avropa arasında yox, eyni zamanda, region ölkələri arasındakı yükdaşımalar üçün də böyük əhəmiyyətə malikdir. Layihəyə Mərkəzi Asiya ölkələri, Əfqanıstan və bir çox Avropa ölkəsi tərəfindən də böyük maraq göstərilir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.