SİYASƏT


Rusiyalı alim: Mən Azərbaycanda doğulmuşam və multikulturalizm ruhunda tərbiyə almışam

Moskva, 17 aprel, AZƏRTAC

Bakıda keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans dünya birliyi üçün əlamətdar hadisədir.

Filologiya elmləri doktoru, RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının İctimai Elmlər İnstitutunun Beynəlxalq siyasət və xarici regionşünaslıq kafedrasının professoru Zemfira İshaqova AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə danışıb.

Professor deyib: “Tədbirin keçirildiyi yer də rəmzi məna daşıyır. ADA Universiteti Bakıda elm və siyasətlə bağlı müzakirələr aparılması üçün beynəlxalq platformadır. Bu universitet Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilib. Ölkədə təhsil sahəsində islahatların tərəfdarı olan Prezident İlham Əliyev atası Heydər Əliyevin ənənələrini davam etdirir. Mədəniyyətlərin dialoqu prinsiplərinə əsaslanan bu ənənələr Azərbaycanın genişmiqyaslı uğurlarını təmin edir. Mən Sovet Azərbaycanında, Sumqayıt şəhərində doğulmuşam və Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə orta məktəbdə oxumuşam. O vaxt mənim doğma şəhərimin girəcəyində yaşayış binalarının üzərində “Azərbaycan iri addımlarla irəliləyir!” sözlərini görmək olardı. Bu sözlər həqiqətən böyük uzaqgörənliklə deyilmişdi. Mənim təhsil aldığım Sovet Azərbaycanında orta məktəbdə təhsil sistemi yadıma düşür. Bu sistem mədəniyyətlərin dialoqu ilə bağlı bütün prinsiplərə cavab verirdi. O vaxt respublikaya rəhbərlik edən Heydər Əliyevin siyasəti böyüməkdə olan nəslə multikulturalizm ideyalarını aşılayır, eyni zamanda, milli identikliyin qorunub saxlanması məsələsinə ciddi diqqət yetirilirdi. Rus dili, sovet ədəbiyyatı və tarixi dərindən öyrənilir, eyni zamanda, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycan dili və ədəbiyyatı mühüm fənlər kimi qalırdı. Sovet uşaqları Gümüş əsr poeziyasını öyrənmək imkanına malik deyildi, lakin biz – Sovet Azərbaycanının uşaqları Nəsimi, Səməd Vurğun, Azərbaycan xalqını təmsil edən digər görkəmli yazıçı və şairlərin əsərlərini öyrənmək, Üzeyir Hacıbəylinin klassik musiqisi ilə tanış olmaq imkanına malik idik. İnamla deyə bilərəm ki, mən multikulturalizm ruhunda tərbiyə almışam. Bu, ADA Universitetində keçirilmiş konfransın leytmotivi, müasir Azərbaycanın əsas fərqləndirici xüsusiyyətidir.

Z.İshaqovanın sözlərinə görə, konfransda dünyanın aparıcı “beyin mərkəzləri”nin nümayəndələri iştirak edirdi. Münaqişədən sonrakı dövrdə Azərbaycanın inkişafı ilə bağlı beynəlxalq birlik tərəfindən qaldırılan mühüm məsələlər İkinci Qarabağ müharibəsi kontekstində müzakirə edilib.

AZƏRTAC-ın müsahibi deyib: “ABŞ Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq məsələlər üzrə ekspert Mətyu Brayzə Azərbaycan və Ermənistan xalqları arasında barışığın mümkünlüyü barədə sual verib. Prezident İlham Əliyev bu sualın cavabında bildirib ki, hər iki dövlət gələcəkdə barışığa gətirib çıxara biləcək amilləri diqqət mərkəzində saxlamalı, eyni zamanda, nəzərə almalıdır ki, bundan ötrü vaxt lazımdır. Azərbaycan dövlətinin başçısı təəssüflənir ki, Ermənistan dinc yanaşı yaşamaq arzusunu göstərmir. Bununla belə, Azərbaycan sülh siyasəti yürüdür, Rusiya ərazisində təmir işləri aparılması ilə əlaqədar biz “Qazprom” şirkətinə Ermənistana təbii qazın Azərbaycandan keçməklə nəql edilməsi üçün imkan yaratmışıq”.

Z.İshaqova qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti “müharibə səhifəsini bağlamağa” yönəlib, lakin təəssüf ki, Ermənistan tərəfindən hələlik müvafiq reaksiya müşahidə olunmur və vətəndaş cəmiyyətinin nümayəndələri arasında danışıqlar bu məsələdə böyük rol oynaya bilər.

Rusiyalı alim deyib: “İlham Əliyev qeyd etdi ki, hazırda Azərbaycanın çox gözəl siyasi əlaqələri var. Məsələn, Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Konfrans çərçivəsində Azərbaycan-İtaliya əməkdaşlığı barədə məsələlər müzakirə edilib. Prezident İlham Əliyev bütün ölkə ərazisində muzeylər və hərbi memoriallar yaradılması, habelə Azərbaycan xalqının mədəni yaddaşının qorunub saxlanması məqsədilə Dağlıq Qarabağ ərazisində tarixi və dini abidələrin bərpası işinə İtaliya şirkətlərinin cəlb edilməsini planlaşdırır. Axı, bu Qələbə Azərbaycan xalqına heç də asanlıqla başa gəlməyib. Türkiyə, İtaliya və Böyük Britaniya şirkətləri ilə birlikdə Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının və energetikanın inkişafı proqramları həyata keçiriləcək”.

Z.İshaqova vurğulayıb ki, mədəniyyətlərin dialoqu prinsipi Azərbaycanın bütün xarici siyasətinin ana xəttidir. O, Prezident İlham Əliyevin “münaqişə səhifəsi bağlandı” sözlərini xatırladaraq deyib: “Azərbaycan sülh sazişinə hazırdır və Ermənistan tərəfindən müvafiq reaksiya gözləyir. Prezidenti sözlərinə görə, Ermənistan bu məsələyə müsbət münasibət bildirən kimi o, gələcəyə inamla baxan bir insan kimi dinc əlaqələrin nizamlanması üçün nə mümkündürsə edəcək. Burada başqa yol yoxdur, Azərbaycan həmişə xalqlar arasında dinc yanaşı yaşama siyasəti yürüdüb.

Z.İshaqova sonda deyib: “Azərbaycan tarixində müxtəlif hadisələr baş verib – Birinci Qarabağ müharibəsi: dağıntı, sonu görünməyən qaçqınlar axını, əhalinin ağlasığmaz dərəcədə yoxsullaşması... indi isə xalqın rifah səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Son illərdə Prezident ilk baxışda qeyri-mümkün olan tədbirlər həyata keçirməyə nail olub. Mən doğma Bakıya gələndə paytaxtda gördüklərim fərəh doğurur. Həmvətənlərimin mehriban çöhrəsində bütün dünyaya açıqlıq – beynəlmiləllik müşahidə olunur”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.