ELM VƏ TƏHSİL
Rusiyalı alimlər Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Rusiyanın Çelyabinsk Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun əməkdaşları Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, rusiyalı alimlər Qobustan qoruğu ərazisi ilə yaxından tanış olub, paleontoloji qalıqlar ətrafında elmi müzakirələr aparıblar.
Xatırladaq ki, oktyabrın 24–də Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda rusiyalı alimlərin iştirakı ilə beynəlxalq elmi-praktik seminar keçiriləcək. Seminar “Heyvanların tarixi və populyasiya ekologiyasının tədqiqinin müasir metodları” mövzusunu əhatə edəcək. Mövzu ilə maraqlanan alim və mütəxəssislər seminarda iştirak edə bilərlər.