İDMAN
Rusiyalı baş məşqçi: Birinci Avropa Oyunları Olimpiya standartlarına uyğun keçirilir

Bakı, 19 iyun, AZƏRTAC
Birinci Avropa Oyunları Olimpiya standartlarına uyğun keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Vestnik Kavkaz” portalına açıqlamasında SSRİ-nin əməkdar idman məşqçisi, Rusiyanın batut gimnastikası üzrə komandasının baş məşqçisi Oleq Zaporojçenko deyib. O bildirib ki, Oyunların təşkilatçılıq səviyyəsi də beynəlxalq standartlara uyğundur.
“Bakıda hər cür şərait yaradılıb. Hətta avtobuslarla bağlı hər 10 dəqiqədən bir mesajlar gəlir. Gözəl idman obyektləri var. Ən əsası insanlar qonaqpərvərdir. Bunlar hamısı çox gözəldir”, - deyə rusiyalı baş məşqçi qeyd edib.
O.Zaporojçenko hesab edir ki, “Bakı-2015” Avropa xalqlarını daha da yaxınlaşdırmağa kömək edəcək: “Bu yarışlar Avropa xalqlarını yaxınlaşdırır. Burada həm idmançılar, həm də məşqçilər bir-birinə hörmətlə yanaşırlar. Bu cür ünsiyyət bir-birinə hörmətin və mədəniyyətin göstəricisidir”.