SİYASƏT
Rusiyalı ekspert: Yerevanın avantürist planları daha baş tutmayacaq
Moskva, 1 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının tərkibinə qaytarılmalı yeddi rayonun sonuncusu olan Laçın rayonunun qaytarılması münasibətilə Azərbaycan dövlətinin rəhbərliyini və Azərbaycan xalqını təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rusiya zabitləri” ictimai təşkilatının ekspert şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə qondarma “DQR”in Ermənistan tərəfindən tanınmaması mövzusu müzakirə edilir. Ekspert deyib: “Cavabın çətinliyi yalnız ən sadə səmimiyyətin olmamasındadır. Heç vaxt olmayıb və olmayacaq ki, təcavüzkar dövlət başqa ölkənin işğal edilmiş ərazisini müstəqilliyini tanısın. İşğalçılara bircə o lazımdır ki, işğal edilmiş ərazi onların dövlətinin bir hissəsi kimi qəbul edilsin”.
Onun fikrincə, bu səbəbdən rəsmi Yerevana qondarma “DQR”i tanımaq heç vaxt lazım olmayıb. “Axı məhz bu, işğal edilmiş torpaqlara onun tərəfindən nəzarətin zəifləməsinə gətirib çıxara bilərdi. Ermənistanda Dağlıq Qarabağın və yeddi rayonun (bütün bunlar “Arsax” şərti adı altında) onların ölkəsinin bir hissəsi kimi beynəlxalq səviyyədə rəsmi tanınmasına nail olmağa ümid edirdilər.
A.Perenciyevin ehtimalına görə, məhz bu səbəbdən rəsmi Yerevanın niyyəti vardı ki, keçmiş DQMV-nin və onun ətrafındakı yeddi rayonun ərazisini hərbi güclə ağlasığmaz dərəcədə uzun müddət əldə saxlasın və sonra bəyan etsin: “Bu ərazi de-fakto artıq çoxdan Ermənistan Respublikasının hissəsinə çevrilib. Bunu de-yure rəsmiləşdirməyin zamanıdır”,.
Ekspert əlavə edib ki, bu səbəbdən Yerevan “Madrid prinsipləri”, “Lavrov planı” və s. bu kimi razılaşmaların maddələrinin icrasını yubadırdı. “İndi artıq nəticə çıxarmaq olar ki, bu razılaşmaların yerinə yetirilməsi Ermənistan rəhbərliyinin planlarına büsbütün daxil deyildi. Bu gün – 2020-ci il dekabrın 1-i sonuncu, yeddinci rayonun – Laçının Azərbaycan Respublikasının tərkibinə qaytarılmasını belə şərh etmək olar: Yerevanın avantürist planları daha baş tutmayacaq. Bu münasibətlə bağlı Azərbaycan rəhbərliyini və Azərbaycan xalqını təbrik edirəm!”, - deyə ekspert sonda vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva