DÜNYA
Rusiyalı ekspertlər COVID-19-la bağlı vəziyyəti qiymətləndirmək üçün Antalyaya gəlib
Bakı, 17 iyun, AZƏRTAC
Rusiyanın ekspertlər qrupu koronavirusla bağlı vəziyyəti qiymətləndirmək və hakimiyyət orqanlarının epidemiya əleyhinə gördükləri tədbirlərlə tanış olmaq üçün Antalyaya gəlib.
AZƏRTAC “Yeni Safak” qəzetinə istinadla xəbər verir ki, rusiyalı mütəxəssislər iyunun 19-dək Antalyada qalacaq. Bundan sonra onlar təftişin nəticələri barədə məruzə hazırlamaq üçün Moskvaya dönəcək. Türkiyənin turizm sektoru çimərlik mövsümündə aviasiya əlaqəsinin tam bərpası üçün Rusiya nümayəndə heyətinin səfərinə böyük ümid bəsləyir.
Qeyd edək ki, koronavirusun yayılması səbəbindən Rusiya aprelin 15-dən iyunun 1-dək Türkiyə ilə sərnişin aviadaşımalarını məhdudlaşdırıb. Mayın 31-də Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı COVID-19 infeksiyası ilə bağlı ağır epidemioloji vəziyyət səbəbindən Türkiyə və Tanzaniyaya uçuşların dayandırılması barədə qərarını iyunun 21-nə qədər uzadıb.