SİYASƏT
Rusiyalı jurnalist Ağdamın dirçəldilməsi barədə yazıb
Moskva, 22 noyabr, AZƏRTAC
Füsunkar gözəlliyi ilə insanı valeh edən Bakıdan sonra Ağdamda gördüklərim sözün həqiqi mənasında məni sarsıtdı. Ağdam mənə neçə il bundan əvvəl Polşada gördüyüm, faşist ölüm düşərgəsinin yerində ucaldılmış memorialı xatırlatdı.
AZƏRTAC xəbər verir ki, rusiyalı jurnalist, hərbi icmalçı Aleksandr Artamonov bu barədə özünün Facebook səhifəsində yazıb.
A.Artamonov yazır: “Çoxzolaqlı sürət şosesi ilə bu şəhərə yaxınlaşanda blokpostu keçəndən sonra saysız-hesabsız xəndəklərlə, uzunmüddətli atəş nöqtələri, tanklar üçün stasionar mövqelərlə, yol kənarında qalaq-qalaq yığılmış minalarla dolu bir mənzərə açılır. Bunların arxasında vaxtilə Ağdam şəhərinin özünün yaşayış massivləri olmuş ərazilərin lal-dinməz xarabalıqları görünür”.
Jurnalist qeyd edir ki, şəhərdə tikililərin qalıqları yerlə-yeksan edilib. O yazır: “Əslində, bu hüznlü ərazini şəhər adlandırmaq çətindir. Burada nə küçə qalıb, nə səki, nə qəbiristanlıq, nə kanalizasiya xətləri...Ağdamın ilk müdafiəçiləri və Xocalı faciəsinin qurbanları dəfn edilmiş şəhidlər xiyabanında işğalçılar məzarları yerlə-yeksan ediblər. Xan sarayında məqbərələri dağıdıb, məscidi murdarlayıb, hətta vaxtilə Ağdamı şöhrətləndirən yaşıllıqları da məhv ediblər. Qazılmış cansız sahə, qulaqbatırıcı sakitlik... 29 il uzunluğunda lal faciə”, - rusiyalı hərbi icmalçı işğaldan azad edilmiş Ağdam şəhərində gördüklərini belə təsvir edir.
O, acı-acı soruşur: “İşğalçılar bu şəhəri nəyə görə xarabalığa çeviriblər? Qədim Pombeyi xatırladan bu mənzərəni görəndə sual edirsən: nə üçün? Belə təsəvvür yaranır ki, təcavüzkarlar bir neçə əsr bundan əvvəl bu şəhərin salındığı torpağın özündən qisas alıblar. Aşkar görünür ki, gəlmələr özləri burada yaşamaq istəmirdilər, bu yer özü onlarda nifrət hissi oyadırdı. Ona görə də 36 min sakini olan bu yaşayış məntəqəsi haqqında xatirəni məhv etmək istəyiblər.
Belə üzdəniraq siyasəti yalnız terror taktikası adlandırmaq olar. Çörək muzeyinin sovet dövründən qalmış mozaikasında körpənin güllələnmiş sifəti mənim nəzərimdə məhv edilmiş Ağdamın rəmzi oldu”.
A.Artamonov daha sonra bildirir ki, Azərbaycan işğaldan azad edilmiş torpaqları bərpa edir. Jurnalist yazır: “Azərbaycan Ağdamı sürətlə bərpa edir – kommunikasiya xətləri çəkilir, avtomagistral inşa edilir, evlərin, parkların və bağçaların layihələri təsdiq olunur. Burada, vaxtilə 36 min sakini olan şəhərin yerində 100 minlik istehsalat mərkəzi, yaşayış massivləri ucaldılacaq, Qarabağ istiqamətində dəmiryol xətti çəkiləcək. Şəhər və onun bərpası sonuncu müharibənin rəmzi, Ağdamın dirçəldilməsi - gələcəyə ümid rəmzidir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva