SİYASƏT


Rusiyalı jurnalist: Azərbaycan işğal illərində daşı daş üstündə qalmamış ərazilərini bərpa edir

Moskva, 7 oktyabr, AZƏRTAC

“Otuz il Qarabağsız: Azərbaycan xalqı müharibə yaralarını sağaldır”. Rusiyanın NEWS.ru internet nəşrinin müxbiri İqor Serebryannının məqaləsi belə adlanır. Müəllif bu məqalədə Qarabağa səfəri barədə təəssüratlarını bölüşür.

AZƏRTAC həmin məqaləni bəzi ixtisarlarla təqdim edir.

X X X

Azərbaycan işğal illərində daşı daş üstündə qalmamış ərazilərini bərpa edir. Bir il bundan əvvəl ölkənin tərkibinə qaytarılmış Azərbaycan ərazilərinin harada başlamasını anlamaq üçün uzun müddət xəritəni öyrənməyə ehtiyac yoxdur. Yaxşısı budur, özünüz Qarabağa gəlin. Dağılmış yaşayış məntəqələri, vurulmuş, lakin nədənsə Bakıdakı Hərbi Qənimətlər parkına aparılmamış tank – bütün bunlar Bakıdan Şuşaya gedən yolda qarşınıza çıxacaq.

“Sərhəd” bildirən torpaq səngərlərə çatmağa bir neçə kilometr qalmış uzun illər boyu erməni silahlı qüvvələrinin nəzarəti altında olmuş torpaqları asanlıqla tanımaq olar. Kiçik bir detal çox şeydən xəbər verir: avtomobil yolunda nişanlama birdən-birə qurtarır. Əslində ərazilərin nəzarət altında olması həmin ərazilərə qayğı göstərilməsi demək deyil: Qarabağ ətrafındakı ərazilərin qondarma qurum tərəfindən zəbt edildiyi 30 il ərzində burada heç bir quruculuq işi aparılmayıb. Evlər tikilməyib, torpaqlar becərilməyib, üzümlüklər quruyub, qəbiristanlıqları ot basıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi Konstantin Pominov öz müşahidələrini bölüşür, dağıdılmış məscidlər və məbədlər barədə danışır.

Yol nişanının qurtardığı yerdən az sonra ətrafda Azərbaycan dilində “Ehtiyatlı olun: minalar” sözləri yazılmış xəbərdarlıq nişanları görünür.

Dağıdılmış, uçulmuş xarabalıqlardan sonra qarşıda supermüasir üslubda tikilmiş, neon lampaları ilə işıqlandırılan bina görünür. Əvvəlcə adama elə gəlir ki, bu, xəyaldır, yeni tikili sanki naməlum bir məkandan gətirilib. Füzuli beynəlxalq aeroportunun terminalının konturları görünür. Bu, cansıxıcı, kimsəsiz peyzaj arasında bir ilğım kimi təsir bağışlayır. Terminalda tikinti hələ davam edir, lakin uçma-enmə zolağı tamamilə yararlı vəziyyətdədir. Aeroport artıq üç reysi qəbul edib – bir yük təyyarəsi və iki sərnişin təyyarəsi.

İnşaatçılar NEWS.ru nəşrinin müxbirlərinə söylədilər ki, burada tikinti işləri 9 ay bundan əvvəl başlayıb. Tamamilə boş bir yerdə bütün infrastrukturu ilə bərabər mürəkkəb obyektin yaradılması sürəti onu göstərir ki, Azərbaycanda işğaldan azad edilmiş ərazilərlə ölkənin qalan hissəsi arasında əlaqə yaradılmasına böyük əhəmiyyət verilir. Füzuli aeroportu ilə bağlı, söhbət həm də xarici aləmlə əlaqələrdən gedir, çünki bu aeroport Qarabağın səma qapılarıdır.

Gələcək dövr barədə bu qısa haşiyədən sonra yol yenə indiki dövrə (daha dəqiq desək yaxın keçmişə) qayıdır. Uzaqdan baxanda Füzulinin və Şuşanın xarabalıqları Qədim Romanın xarabalıqlarını xatırladır. Bu xarabalıqlar hələ, necə deyərlər, soyumayıb – evlərin, məktəblərin, məbədlərin yaxınlığında döyüş əməliyyatları gedərkən müharibə nifrəti buradakı tikililərin canına hopub.

Ayrı-ayrı binaların məhv edilməsini bəlkə də hərbi zərurət kimi bir növ izah etmək olar, amma mədəniyyət abidələrinə münasibətdə törədilmiş vandalizmə azərbaycanlılar əsla haqq qazandıra bilmədilər. Ermənilər Azərbaycanın böyük opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün Şuşadakı doğma evinin həyətində onun büstünü avtomat silahlardan atəşə tutublar. İndi həmin zədələnmiş büstün yanında yeni büst qoyulub. Azərbaycanlılar Şuşaya qayıdandan sonra hazırlanmış bu yeni büst Bülbülün ev-muzeyini ziyarət edənlərə ermənilər tərəfindən törədilmiş vəhşi hərəkətləri xatırladır.

İndi Şuşada yerli sakinləri barmaqla saymaq olar. Şəhərin əsas əhalisi inşaatçılar, hərbçilər, bir də artıq fəaliyyətə başlamış müəssisələrin – mehmanxananın və qoruğun azsaylı işçiləridir. Əslən Şuşadan olanların oraya qayıtmağa hələ sadəcə yerləri yoxdur. Onların əksəriyyətinin qayıtmasına əsas yoxdur, çünki burada iş yerləri yoxdur.

Əlli iki yaşlı Yusif Mirzəyev 1991-ci ilin sentyabr ayında tərk edib getdiyi doğma evini görmək üçün bu il may ayında Şuşada tikinti fəhləsi kimi işə başlayıb. Mühəndis təhsili almış Yusif şəhərdə başqa obyektlər tikir, çünki özünün ikimərtəbəli evini bərpa etmək üçün hələ qüvvəsi və vəsaiti yoxdur. Yusif hər gün buraya gəlir və ümid edir ki, gələn il yayda ailəsini Bakıdan buraya gətirə biləcək.

Yusif deyir: “Bütün bu müddətdə mənim evimdə bir erməni stomatoloq yaşayıb, burada onun alətlərini tapmışam. Lakin o, burada “qonaq qaldığı” illər ərzində hətta divar kağızlarını da dəyişməyib – 1977-ci ildə yapışdırılmış divar kağızları qalıb. Hər yerdə belədir. Onlardan soruşasan: əgər siz bu torpağı özünüzünkü hesab edirsinizsə, onun uğrunda döyüşürsünüzsə, onda nəyə görə burada nə isə qurub yaratmaq üçün əlinizi əlinizə vurmamısınız?”

Azərbaycan hökuməti doğma sahibinə qaytarılmış Qarabağın bərpa edilməsi, onun sosial və iqtisadi infrastrukturunun sıfırdan başlayaraq yaradılması üçün külli məbləğdə vəsait ayırır. Lakin Bakıda başa düşürlər ki, maliyyə vəsaiti çox olsa da, təkcə bununla iş bitmir. İkinci Qarabağ müharibəsinin başlanmasının birinci ildönümü azərbaycanlılar üçün hamının sevinc göz yaşları ilə qeyd etdiyi bayram oldu. Heydər Əliyev Fondu bu münaqişə dövründə həlak olmuş azərbaycanlıların sayına görə 3 min hava fanarının buraxılmasını təşkil etdi. Külək bu fanarları Xəzər dənizi tərəfə aparır, sahildən baxanda bu sayrışan fanarları “Qarabağ bürcü” adlandırmaq olardı.

Ermənilərlə azərbaycanlıların qarşılıqlı münasibətləri tarixində ən qaranlıq səhifələrdən birini qatlaya biləcəklərinə ümid var. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan ilə münasibətlərin normallaşmasına hazır olmasını və Bakının beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsi əsasında ikitərəfli kommunikasiyaları bərpa etmək niyyətini bəyan edib.

Hətta müharibə nəticəsində doğma evini tərk etməyə məcbur qalmış Yusif Mirzəyev də qisas almaq arzusunda deyil. Onu daha çox narahat edən öz ata-baba yurdunu bərpa etmək zərurətidir və o əmindir ki, buna nail olacaq. Özü edə bilməsə övladları bunu edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.